CƏNUBİ QAFQAZDA İRAN – AZƏRBAYCAN SAVAŞINA HAZIRLIQ GEDİR ? – İLGİNC DETALLAR
10-apr-2023Tehranla Bakı arasında gərginlik yeni mərhələyə qədəm qoyub.
Xezer.info “Saed News”a istinadən xəbər verir ki, Azərbaycana qarşı düşmən mövqeli iranlı ekspert Ehsan Movəhhediyan eksklüziv müsahibəsində İran diplomatlarının Bakıdan qovulması ilə bağlı cəfəng iddialar irəli sürüb.
“Bakıda baş verənlər əslində Əliyevin sionist rejim və İngiltərənin təsiri altındakı ambisiyalarının davamıdır. Əliyevin müstəqil xarici siyasəti yoxdur və o, ölkəsini xarici aktyorların koloniyasına çevirib”, – deyə o, müsahibəsində bildirib.
“Sionist rejimin hazırda İran İslam Respublikasına sataşmaq üçün Bakıdan başqa regionda heç bir dayağı olmadığı üçün onlar bütün səylərini Bakı üzərindən İrana təzyiq göstərməyə yönəldiblər. Xüsusən də İran və Səudiyyə Ərəbistanının barışmasından sonra İsrailin Bakı vasitəsilə təzyiqləri güclənib və bu yolla İranı incitməyə çalışır”, ekspert əlavə edib.
Ekspert İran və Azərbaycan arasında hərbi münaqişə ehtimalı barədə deyib: “Bu proseslərin qarşıdurmaya səbəb olacağını düşünmürəm. Sionistlər İranla Bakı arasında idarə olunan bir gərginlik axtarırlar və bu gərginliyin müharibə ilə bitməsində qətiyyən maraqlı deyillər. Çünki bu baş versə, Bakı İranın qarşısında dura bilməyəcək. İranın dron və artilleriya gücü ilə Əliyevin bütün hərbi qüdrəti məhv olacaq, digər tərəfdən isə heç kim onun köməyinə gəlməyəcək.
Nə başı seçkilərə, iqtisadi problemlərə, zəlzələdən zərərçəkənlərin məsələlərinə qarışan Türkiyə, nə də ingilislər uzaqdan Əliyevin köməyinə gəlməyəcəklər, çünki bunun onlara çox da faydası yoxdur, hətta sionistlərin özləri də İranla birbaşa toqquşmada maraqlı deyillər. İsrailin İranla “Bakı Respublikası” arasında hərbi qarşıdurmaya getmək istəməməsinin ən əsas səbəbi bu ölkənin neftini talamasıdır…”