Bu gün:
Xezer.info » Bu gün » Əvəz Zeynallı prokurorun çıxışını kəsdi, hakimlər zalı tərk etdi

Əvəz Zeynallı prokurorun çıxışını kəsdi, hakimlər zalı tərk etdi



Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Əvəz Zeynallı ilə yanaşı, prosesdə “Səda TV” yutub kanalının rəhbəri Elnur Şükürov də təqsirləndirilən şəxs qismində iştirak edib.

Prosesdə Əvəz Zeynallının vəkilləri onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyiblər. Müdafiəçilər bildirib ki, Əvəz Zeynallı görmə qabiliyyətini itirmə təhlükəsi ilə üz-üzədir. Onun daha əvvəl də müayinədən keçməsinə dair həkim rəyi də aidiyyəti üzrə təqdim edilib. Ə.Zeynallı özü də vəsatətə münasibət bildirərkən qeyd edib ki, məhkəmə onun əməliyyat olunması üçün şərait yaratmalıdır.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. O, Ə.Zeynallının cinayət əməlinin ictimai ağırlığını nəzərə alaraq ev dustaqlığına buraxılmasını məqbul saymayıb.

Hakimlər müşavirə keçirərək elan ediblər ki, Ə.Zeynallı ev dustaqlığına buraxılacağı təqdirdə zərərçəkmiş və şahidlərə təsir göstərə bilər. Səhhəti ilə bağlı problemin isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmasının mümkün olduğu vurğulanıb. Bu əsaslarla vəsatət təmin olunmayıb.

Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktı elan olunan zaman proses iştirakçılar çıxışı eşidə bilmədiyi üçün etiraz edib. Prokurordan mikrofonla danışması xahiş edilib. Lakin məhkəmə zalında mikrofonlar işləmədiyi üçün ittihamçı çıxışına bu formada davam edib.

Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək bir neçə dəfə prokurorun çıxışını kəsib. Hakimlər prosesin gedişatının pozulması səbəbi ilə zalı tərk ediblər. Məhkəmə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.