“MOVER” SİFARİŞLƏRİ ÇATDIRMIR… BAĞLAMALAR ANBARDAN BAŞQA ŞƏXSLƏRƏ SATILIR? – ŞİKAYƏT
06-apr-2023“Mover” MMC çatdırılma şirkəti 2-3 ay əvvəl verilən sifarişləri çatdırmır. Vətəndaşın pulu batır, şirkət isə heç bir açıqlama vermir. Uzun müddətdir yaşanan bu problemlə bağlı xeyli vətəndaş zərər çəkib, sifariş verənlər nə məhsulunu əldə edə bilir, nə də pulunu.
Tribunainfo.az yazır ki, üzləşdiyi problemi ictimailəşdirən Üzeyir İbrahimov artıq neçənci dəfədir ki, “Mover”ın məsuliyyətsizliyi ilə üzləşir. Ü.İbrahimov “Trendyol”dan 160 manatlıq mal sifariş verib, lakin məhsulu hələ də əldə edə bilmir:
“Mən “Mover” şirkəti tərəfindən “Trendyol” dan 160 manat dəyərində məhsul sifariş etdim. Məhsul onların Türkiyədəki anbarına daxil olmuşdu, ancaq göndəriş barədə heç bir dəyişiklik olmadı.
Şirkət bir ay bizi yola verdi. Bu gün isə həmin şirkətin rəsmi internet səhifəsi bağlandı. Filialdan isə rəhbər şəxslə əlaqə saxlaya bilmədiklərini deyirlər. Görünür bizə qarşı dələduzluq ediblər. Pulum batsa da, ən azından Arif Şemistanlı cəzasını çəkməlidir”.
Şikayətçi Yazgül Abdullayev isə bildirib ki, bağlamalar anbardan başqa şəxslərə satılır:
“Eyni qaydada mən də 3 aydır Amerikadan bağlama gözləyirəm. Dediklərinə görə “Silk way” bunların daşınmasını həyata keçirmir. Bunlar ki, apreldə Türk Hava Yolları ilə göndərişlər edib əvvəllər, mən də düşündüm yola verirlər, apreldə göndərərlər. Dünən Amerikada yaşayan bir xanım video paylaşmışdı ki, anbarda olan malı bağlı şəkildə başqa ölkələrə satıblar”.
Digər şikayətçi Xanım Daşdəmirova isə şirkətin onu dəfələrlə aldatdığını bildirib və təklif edir ki, şirkət rəhbəri cəzalandırılsın:
“Qrup yaradılsın, kütləvi ərizə yazılsın, səlahiyyətliu şəxslər tutulsun. 4 aydır yola verirlər, hamı da gözləyir. Hər gün borcları artır, sifarişlər çatdırılmır deyə gəlirləri də yoxdur. Borcları da bağlaya bilmirlər”.