MƏŞHUR MƏMMƏDOV: “İRAN YAXŞI OLAR Kİ, QARDAŞI ERMƏNİSTANIN İSRAİLDƏKİ SƏFİRLİYİNDƏN DANIŞSIN”
06-apr-2023“İran parlamentinin (İslam Şurası) Azərbaycan əleyhinə bəyanatında yer alan fikirlərin və çağırışların heç bir əsası yoxdur.
İran İsraildə səfirlik açmağımıza qarışır, onun bizim yerimizə qərar vermək səlahiyyəti yoxdur. İran yaxşı olar ki, qardaşı Ermənistanın İsraildə səfirliyinin olmasına diqqət yetirsin”.
Bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov İranın ölkəmizə qarşı təhdidləri, terror hücumu, qərəzli ittihamları haqda danışarkən qeyd edib.
Deputat hesab edir ki, Təbrizdəki Baş konsulluğumuz qarşısında təxribat xarakterli aksiyaların təşkil olunması, aksiyada konsulluğun İsraildə səfirliyimizin olması səbəbindən bağlanması tələblərinin irəli sürülməsi İran hakimiyyətinin içüzünü açır:
“Çünki Təbrizdə Azərbaycan konsulluğunun olmasını istəməyən Tehran rejimi, Ermənistanın Təbrizdə konsulluğunu açmağa hazırlaşır. İran rəhbərliyinin mahiyyəti bundan ibarətdir. Biz əminliklə danışa bilərik ki, artıq cənubda bizə düşmənçilik edən qonşu var və Ermənistandan da təhlükəlidir. Bunu Tehrandakı səfirliyimizə olan silahlı hücum da, həmkarımız Fazil Mustafaya terror da təsdiqləyir. İran rejimi bizimlə hədə dilində danışır”.
M.Məmmədov bununla belə Tehranın bu addımlarının heç bir effekt verməyəcəyini, Azərbaycanın gözünü qorxutmayacağını düşünür: “Milli Məclisin iclasında millət vəkilləri öz fikirlərini bildiriblər və bundan sonra da Azərbaycana qarşı hər hansı hədyan, təxribat olacaqsa, İran cavabını alacaq. Ölkəmizdə sabitliyi pozmaq istəyənlər, casus şəbəkələri bir-bir ifşa edilir, İran agenturası çökdürülməkdədir və hüquq-mühafizə orqanlarımız bu əməliyyatları yüksək peşəkarlıqla həyata keçirirlər”.