Bu gün:
Xezer.info » Eksklüziv » EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ: KOLBASA ŞİRKƏTLƏRİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR…

EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ: KOLBASA ŞİRKƏTLƏRİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR…



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi olaraq 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edib. Məhsullarında uyğunsuzluq müəyyən edilən müəssələr arasında “Səhliyalı” və “Ovçular” da var. Belə ki, üzərində mal əti bəyan edilən məhsulların tərkibində mal DNT-si aşkarlanmayıb, digər məhsulda üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb, həmçinin təhlükəsizlik göstəricilərində uyğunsuzluq müəyyən edilib.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illərdir kolbasa və sosiska məhsulları istehsalında istehlakçıların aldadılması baş verir. Belə yoxlamalar keçirilsə də vəziyyət dəyişməz olaraq qalır:

“AQTA-nın bu cür yoxlamaları təqdirəlayiqdir. Ancaq çox yaxşı olar ki, təkcə marketlərdə satılan yox, küçələrdə, metro çıxışlarında açıq şəkildə satışa çıxarılan mənşəyi məlum olmayan kolbasa və sosiska məhsullarını araşdırsınlar. 8-ci kilometr bazarında çəkisi 2 manat 30 qəpiyə olan kalbasalar satışdadır. Onlar araşdırılsın. 20-yə qədər qeyri-qanuni halda kolbasa, sosiska istehsal edən müəssələr var. Heç Qida Təhlükəsizliyi Agentliyi onlara nəzarət edə bilmir. İctimai nəzarət də olmalıdır. Əhali bu cür hallar qarşısında AQTA-ya məlumat verməlidir. Daha düzgün və obyektiv ekspertiza keçirilsə daha başqa nöqsanlar üzə çıxar”.

E.Hüseynov bildirib ki, xaricdən gətirilən bu cür məhsullarda da yoxlamalar aparılmalıdır:

“Çünki indi aparılan araşdırmanın nəticəsi əhalini yerli məhsuldan uzaqlaşdıra və xarici məhsul satışını artıra bilər”.