İRAN BAKIDAN NƏ TƏLƏB EDİR? – TERRORUN SƏBƏBLƏRİ
03-apr-2023İslam dini adı altında ilk terrorçu hərəkatı İran ərazisində yaradılıb. Bunu tarix də sübut edir. Sui-qəsd məhz İranın üslubudur. Kütləvi qırğın törətmək kimi bir adətləri olmayıb. Ona görə də Azərbaycanın Tehrandakı səfirliyinə hücum, “Bravo”nun içindəki inkassatora eyni silahla basqın, deputat Fazil Mustafanın avtomatla güllələnməsi İranın tarix boyu istifadə etdiyi üslubu gözlər önünə sərir”.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova bildirib. İranın Azərbaycana olan aqressiyasının səbəbləri barədə danışan ekspert qeyd edib ki, hazırda biz İranın SEPAH (islam inqilabçıları keşikçiləri) strukturu tərəfindən xain hücuma məruz qalmaqdayıq:
“İranın bizə qarşı terrorunun səbəbi sadədir – qorxu yaratmaq, Zəngəzur dəhlizi məsələsindən çəkindirmək, İsraillə münasibətlərdə geri çəkilmək, regionda Türkiyənin varlığını əngəlləmək…
SEPAH-ın bizi terror etməsinə, teleqram kanallarında video çarxlarla mesaj verməsinə, sərhədlərimizdə hərbi təlimlər keçirməsinə, Naxçıvanla sərhədə qoşunlar yığmasına baxmayaraq, İran rejimi bizə bata bilməz. Çünki ona qarşı formalaşan beynəlxalq koalisiyanı hərəkətə keçməyə təhrik etmiş olacaq.
İran hərtərəfli təhdid və hədə üslubuna keçsə də, terrora başlasa da, bunun effekti olmayacaq. Ölkədə casus şəbəkəsinin çökdürülməsi prosesi gedir və gedişat İranla diplomatik əlaqələrin tamamilə kəsiləcəyinə aparır. İran rejimi anlamalıdır ki, bu addımları Qərbin İranı vurmasını tezləşdirir”.