Bakıda “Butulka piri”: buranın islama aidiyyəti varmı?
29-mar-2023Bu gün Buzovnada yerləşən və el arasında “butulka piri” adlanan məbədə ermənilərin sahib çıxmaq cəhdi var. Abşeronlular ona “Tərsa piri”, Buzovna sakinləri “Nəsrani piri” də deyirlər. Bu abidə Nəsrani məhəlləsində yerləşdiyindən, xalq arasında ona bu cür ad veriblər.
Tribunainfo.az axar.az-a istinadən bildirir ki, kəndin ağsaqqalları ilə söhbətlərimdə onlar dedilər ki, burda vaxtilə yaşamış ermənilər bu abidəni erməni kilsəsi adlandırırdılar. Burda xristianları XX əsrin əvvələrinə qədər ibadətə dəvət edən qədim kilsə zəngi də olub. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra ermənilər bu qədim zəngi oğurlayıb Ermənistana, konkret desəm, Matandarana aparıblar. Matandaranda tədqiqat aparan gürcü alim dostum təsdiq elədi ki, orda bir neçə qədim kilsə zəngi saxlanılır. Böyük ehtimalla bunlardan biri də Buzovnadan oğurlanan zəngdir.
Buranın tarixi barədə çox yanlış informasiyalar dolaşır mediada, elm dairələrində. Guya bu abidə alban dövründə tikilən kilsə olub, eramızın II, ya da III əsrinə aiddir. Alban abidələrinin memarlıq xüsusiyyətləri ilə bu tikili arasında oxşarlıq çox azdır. Bu pirin memarlıq xüsusiyyətlərində xristian və islam elementləri azdır. Ən azından qədim tarixi bilən, xalqların inanclarını, simvollarını, damğa və memarlıq üslubu barədə az-çox məlumatlı adam burda olsa, biləcək ki, buranı tikən insanlar səmavi dinlərdən öncə burda yaşayanlar olublar.
Bu Pir əslində burda qədimdə yaşayan Günəş kultuna xidmət edənlərin bizə miras qoyduğu tikilidir. Günəş kultu Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir.
1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl III minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim mədəniyyətin olduğunu təsdiq etmişdir.
Əsas mövzu pirin memarlıq quruluşudur. Qədim Günəş kultunun üzvləri 50 sağ tərəf, 50 sol tərəf, 30 aşağı tərəf, 19 nəfər başda, 1 nəfər əsas kahin durmaqla ibadət, ayinlər üçün məbədlər tikirdilər. Deyilənə görə, bu məbədin tutumu 150 nəfər təşkil edib. Bundan irəli gələrək də buranın Günəş kultuna aid olması qənaətinə gəlmək olar.
Tikilinin içini tədqiq edəndə ibadət edilən yerin birbaşa Günçıxana baxması burda ayinlərin Günəşə aid olmasını təsdiq edir. Ağsaqqallar da buranın qədimdə “Günəş piri”, “Günəş evi” kimi adlandırıldığını dedilər. 19-cu əsrə aid rus arxeoloqların da yazılarında buranın “Şəms qəbri” adlanması faktına rast gəldim.
Xristianlıq yayılandan sonra məlumdur ki, apostollar dünyanın digər ölkələrinə getdikləri kimi Azərbaycana da gəliblər. Məsəl üçün müqəddəs Varfolomeyin məzarı sovet dövründə Qız qalasının yanında olan qədim kilsədən tapılıb. Bu barədə yazmışam, geniş izaha ehtiyac yoxdur
Varfolomoyelə bərabər Azərbaycana gələn missionerlər içərisində müqəddəs İlya və Andrey də olub. Onlarla birgə xristianlar Buzovna ərazisinə köçüblər, iki apostol öləndə bu tikilinin içərisində dəfn edib, yanında da yaşayış üçün tikililər inşa ediblər. Ona görə də bura Nəsrani məhəlləsi, tikili isə Nəsrani kilsəsinə çevrilib.
Sonra Azərbaycanda islam yayılandan sonra buranın müsəlmanlaşması prosesi başlayıb. Tikili üzərində müxtəlif dövrlərdə dəyişikliklər olub. Buna görə də burda iki kitabə yaradılıb. Onların birində 1706-cı il tarixi həkk olunmuşdur. Digər kitabədə isə binanın hicri təqvimi ilə 885-ci ildə (1480-1481), Şirvanşah Xəlilullahın hakimiyyəti dövründə Tənvər Tumanşah oğlu tərəfindən bərpa edilməsi haqda məlumat verilib. Lakin hazırda bu kitabələr də ordan oğurlanıb və haralardasa saxlanılır.
Bu pir hazırda dağılıb. Onun yerində yalnız xarabalıqları və iki sökük tağ qalıb.
18-ci əsrdən etibarən çoxları bu yeri müqəddəs bilib, bura nəzir gətirib, parça, dəsmal, yaylıq bağlayıb, dilək tuturlar. Eyni zamanda xalq arasındakı inanca görə, burada “butulka” (şüşə) sındırmaq da vacibdir. Belə düşünülür ki, hər diləyə görə şüşə qab sındıran şəxsin diləkləri həyata keçir.
Bəs butulka qırmaq və buranın pir olması ideyası hardan gəlir?
Bolşeviklər buranı işğal edənə qədər belə adət olub. Qədim yəhudi və nəsrani inancına görə, ölkələrindən kənarda yaşayanlar hər şənbə-bazar günü istirahət edirdilər, gəlirdilər bura saxsı qablarda içkilər içirdilər, sonradan onu burda sındırırdılar. Bu ənənə onunla bağlı idi ki, saxsı qabı sındıran şəxs gələn il öz torpağına, ata yurduna geri dönməyə niyyət edir və and içirdi. Bu günün özündə də klassik yəhudilərdə bu adət qalıb və şəxsən Amerikada öz gözümlə yəhudilərin bu adəti icra etməsini onlara qonaq olanda görmüşəm.
Məhz bu adət sonradan müsəlmanlar tərəfindən qorxunu götürmək, niyyət tutmaq kimi başa düşülür və bu günə qədər də buranı pir hesab edib gəlib butulka qırır, ip bağlayır və arzu edirlər.
Amma real tarix, faktlar bu adətin islama heç bir aidiyyəti olmadığını təsdiq edir. Qeyd edim ki, 1937-ci ildən 1952-ci ilə qədər abidənin bir yarısı sökülüb.