Ramazanda diqqət edilməli 10 vacib məqam
23-mar-2023Ramazan ayının əvvəlində olduğumuz bu günlərdə aclıq dövrünün uzun olması səbəbindən iftar və sahurda yemək-içmək qaydası çox önəmlidir. Yavaşlayan maddələr mübadiləsindən təsirlənməmək və enerji tarazlığını təmin etmək üçün diqqət yetirilməli məqamlar var.
Tribunainfo.az xarici mətbuata istinadən, Ramazan ayında edilməməli olan 10 vacib məqamı diqqətinizə çatdırır.
Sahura qalxmadan oruc tutmayın
Ramazanda sahura qalxmadığınız zaman bədən çox uzun müddət ac qalır. Bu, əzələlərin parçalanmasına səbəb olur və maddələr mübadiləsini yavaşladır. Kökəlməyin ən əhəmiyyətli faktorlarından biri də məhz maddələr mübadiləsinin yavaşlamağıdır.
Kalorili qidalarla bəslənməyin
İftar və sahurda kalorili qidalardan çəkinmək lazımdır. Səhər yeməyi üçün, mürəbbə, şokolad, bal, bəkməz, yağlı pendir yerinə miqdarını normal tənzimləyərək ağ pendir, pomidor, xiyar, göyərti istehlak edilməlidir. Yumurtaya həm çox keyfiyyətli zülal qaynağı, həm də doyurucu xüsusiyyəti olduğu üçün üstünlük verilməlidir.
Qızartma və xəmir yeməkləri yeməyin
Sahurda və iftarda qızartma və xəmir xörəkləri istifadə edilməməlidir. Xüsusilə sahurda istehlak edilən belə yeməklər yatmazdan əvvəl yeyildiyi üçün həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Həmçinin gecələr maddələr mübadiləsinin yavaşladığını nəzərə alsaq, gecə yeyilən əlavə kalorili qidalar kökəlməyə səbəb olacaq.
Düyü və makaron istehlak etməyin
Ən keyfiyyətli karbohidrat çörək olduğu üçün düyü, makaron və bulqur plovu yerinə buğda çörəyinə üstünlük verilməlidir. Buğda çörəyi kimi keyfiyyətli çörəklər həm toxluq hissini artıracaq, həm də qan şəkərinin ani artımına səbəb olmayacaq. Mütəxəssislərin fikrincə, plov, makaron və bulğur plovundan birini yeyəcəksinizsə, mütləq bulğur plovunu seçməlisiniz. 1 dilim çörəyi, 3 xörək qaşığı düyü, makaron və bulğurla əvəzləyə bilərsiniz.
Ağ çörək istehlak etməyin
Bəyaz undan hazırlanmış çörəklər Ramazan ayında ən çox istehlak edilən məhsullardan biridir. O, şəkərin və təzyiqin ani artmasına səbəb ola bilər. Bu səbəbdən də ağ çörək yeyən zaman dadına baxmağınız kifayətdir.
İftarda dərhal əsas yeməyə keçməyin
Toxluq siqnalı beynə 20 dəqiqədən sonra çatdığı üçün iftar edib şorba içdikdən sonra 15 dəqiqəlik fasilə vermək lazımdır. Bu fasilədən sonra əsas yeməyə keçə bilərsiz. İftar zamanı əsas yeməkdən əvvəl fasilə vermək nəinki yavaş yeməyi təmin edir, həm də porsiyaya nəzarəti asanlaşdırır. Bundan əlavə, qidalanmağa şorba ilə başlamaq təzyiqin qəfil qalxmasının qarşısını alır.
Salatsız iftar süfrəsində oturmayın
Salat mədənin həcmini doldura bilər və daha çox kalorili qidalar yeməyin qarşısını ala bilər. Bundan əlavə, salatdan alınacaq lif bağırsaq tənbəlliyini aradan qaldırmağa kömək edir. Salatınıza 1 çay qaşığı yağ əlavə etməyi unutmayın. Ancaq daha çox yağ salatın kalorisini artıracaq.
Şirniyyatı çox yeməyin
Çalışın desertdən alınan kalorini vitamin və minerallarla zəngin olan meyvələrlə əvəzləyəsiniz. Şirniyyat istehlak edəcəksinizsə, şərbətli desertlər yerinə südlü desert və ya dondurma yeyin. Ancaq yeməkdən dərhal sonra meyvə və ya şirniyyat yemək olmaz. Unutmayın ki, ən azı 2 saat ara verərək istehlak etməlisiniz.
Əzələ itirməyin
Protein qeyri-kafi istehlak edildikdə, əzələ zəifləməsi baş verə bilər. Bu səbəbdən Ramazan ayında zülal ehtiyacının qarşılanması vacibdir. İftar, sahur və ya qəlyanaltılarda protein mənbəyi; süd və süd məhsulları istehlak edilə bilən qidalar arasındadır. Bu yolla şirniyyata olan ehtiyacı ödəmək mümkündür. Bağırsaq tənbəlliyini azaltmaq və lazımi zülal almaq üçün kəfirdən də istifadə etmək faydalıdır.
Susuz qalmayın
Oruc tutan zaman bədən susuz qalır. Bunun qarşısını almaq üçün iftarla sahur arasında 10-12 stəkan su içmək faydalıdır. Ramazan ayında çay və qəhvə istehlakınızı mümkün qədər azaldın.