Tikilənə, qurulana sevinmək lazımdır- Ismayıllıdan ETIRAZ
08-avq-2016Elçin bəy! Mən sizin yazını oxuyanda təəccübləndim. Adam bilmədiyi məsələni fikirləşdiyi kimi yazmaz. Qoy mən sizə deyim. Şəkildə verdiyiniz binanın yerində əvvəllər karvansara olub. İki mərtəbə. Sonra həmin binanı söküb yerində II Dünya müharibəsində həlak olanların xatirəsinə primitiv bir abidə tikdilər. Girdiman çayı Lahıcın çaya yaxın hissəsini yuyub aparırdı. Xeyli evlər artıq bu gün yoxdur. Həmin abidənin yeri də sürüşməyə məruz qalmışdı və abidə eybəcər hala düşmüşdü. Mirdaməd müəllim icra başçısı təyin olunanədək abidənin vəziyyəti protokollaşdırılmış və başqa yerə köçürülməsi qərara alınmışdı. Çox yaxşı oldu ki, Mirdaməd müəllim öz elinə-obasına cənab Prezidentin sərəncamı ilə rəhbər gəldi və abidəni qəsəbənin girəcəyinə köçürdü. İndi bu abidəyə çox yaxşı baxılır. Girdiman çayında sahilbərkitmə işləri aparıldıqdan sonra Lahıc sürüşmədən xilas oldu.
Abidənin yeri boş qalmışdı. Kənd investisiya layihəsi Lahıcda iki layihəni həyata keçirmişdir. I layihə Lahıcla Ərəgiti birləşdirən torpaq yolun çay daşı ilə döşəmə edilməsi, II layihə köhnə karvansaranın bərpa edilməsi məqsədilə " İcma bazarı" nın tikilməsi. Bu bina şəkildə gördüyünüz binadır.Tikintisi tam qurtarmayıb.Bələdiyyənin balansındadır. Burada Lahıc üçün vacib olan bir neçə təşkilatın yerləşdirilməsi nəzərdə tutulur. Məsələn mən sizə birini deyim: Gənclər mərkəzi. Bura tam istifadəyə veriləndən sonra xeyli iş yeri açılacaqdır. Həmin binanın şəxsi mülk olması absurddur.Bura gəlib baxmaq lazımdır. Hansı Lahıc sakinindən soruşsanız o, bu binanın təyinatını sizə deyər.İşlərə də Lahıc bələdiyyəsi nəzarət edir.Mənim bildiyim bu qədərdir. İndi kim nə bilir yazsın.Buna qısqanclıqla da baxmaq lazım deyil. Lahıc Azərbaycanın "mirvarisi" dir.Lahıcı qorumaq, onu gözəlləşdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.Lahıcda bundan da möhtəşəm binalar, otellər, istirahət mərkəzləri və s. hələ bundan sonra çox tikiləcək. Hamınız buna sevinin.
Hikmət Haqverdili
Lahıc qəsəbə tam orta
məktəbinin direktoru, Əməkdar müəllim