Bu gün:
Xezer.info » Siyasət » “Rusiya heç vaxt imkan verməz ki, İran Qarabağa girsin” – Zərdüşt Əlizadə

“Rusiya heç vaxt imkan verməz ki, İran Qarabağa girsin” – Zərdüşt Əlizadə



“Kim icazə verər ki, 4 min nəfərlik İran xüsusi təyinatlıları Qarabağa gəlsin?
Bunu deyən Yılmaz Bilgənin bölgə ilə bağlı bilgisi yoxdur. Bu qədər mənasız sözləri birinci dəfədir eşidirəm. Hansı yolla gələcəklər? Bizim ərazidən girsələr, bu, birbaşa açıq təcavüzdür. Ermənistan ərazisindən də gələ bilməzlər. Rusiya heç vaxt buna icazə verməz”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə türkiyəli ekspert Yılmaz Bilgənin İranın Qarabağı “ikinsi Suriya”ya çevirmək, 4 min şiə döyüşçüsünü ora göndərmək istəməsi barədə fikirlərini şərh edərkən bildirib.
Z.Əlizadənin sözlərinə görə, son 30 ildə məhz Rusiya Qarabağ münaqişəsini nəzarətdə saxlayıb:
“Uzun illər ərzində Rusiya bu münaqişəni genişləndirib, dondurub, yenidən qızışdırıb və sonra yenidən dondurub. İndinin özündə də münaqişə tam Rusiyanın əlindədir. Rusiya niyə icazə versin ki, İran gəlib bu münaqişəyə qarışsın və müstəqil rol oynasın. Bu mənasız və məntiqsiz bir yanaşmadır”.
Zərdüşt Əlizadə qeyd edib ki, münaqişəyə təsir etmək məsələsində Rusiyanın mövqeyi ardıcıl və qətidir. Bunun üçün Qarabağdan dünyaya və tərəflərə mesaj göndərir:
“Hətta Rusiya bəzən Avropa və ABŞ-ın vasitəçilik səylərinə çox qısqanclıqla yanaşır. Buna görə də ya Azərbaycanın, ya da Ermənistanın əli ilə bu səyləri heçə endirir. Rusiya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidə qoyması, SSRİ-nin bayrağını qaldırması tərəflərə və dünyaya mesaj verməkdir. Rusiya bununla demək istəyir ki, bölgədə münaqişə onun nəzarətdindədir”.
Z.Əlizadə Paşinyanın bölgədə eskalasiya təhlükəsi olduğu barədə fikirlərinə də münasibət bildirib:
“Paşinyanın işərə etdiyi müharibə təhlükəsi Ermənistanın qeyri-əməli mövqeyindən asılıdır. Onlar çox gözəl bilir ki, hər dəfə Ermənistan mənasız yerə dirənəndə Azərbaycandan hansısa zərbə alır. Əslində Ermənistanın müharibəyə başlamaq imkanı, Azərbaycanın isə istəyi yoxdur. Azərbaycana müharibə lazım deyil. Çünki istəyinə onsuz da nail olacaq. Sadəcə bunun geci-tezi var”.