Bu gün:
Xezer.info » Bu gün » Bayram bazarlığı başlayıb, bəs qiymətlər necədir: “Kənddən şəhərə” yarmarkasından reportaj

Bayram bazarlığı başlayıb, bəs qiymətlər necədir: “Kənddən şəhərə” yarmarkasından reportaj



Qiymətlər fermerlərin özləri tərəfindən müəyyənləşdirilir; alıcı: “Bəzi məhsulların qiymətində marketlərlə müqayisədə gözlə görünən fərq var”
Kənd Təsərrüfatı Nazirliyi “Kənddən şəhərə” layihəsi çərçivəsində Novruz bayramı münasibətilə yarmarkaların təşkilinə başlayıb. Martın 11-dən fəaliyyətə başlayan yarmarka ayın 19-dək davam edəcək. Bayram bazarlığı üçün Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrosunun yaxınlığında) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanlarında təşkil edilən yarmarkalara üz tutmaq olar.

Yarmarka həftəsonu başladığı üçün alıcıların sayı çox olur. Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrosunun yaxınlığında) ünvanında olduğumuz zaman satıcılar da bunu təsdiqlədi. Həftənin birinci günü isə nisbətən seyrəklik müşahidə etdik. Əsasən İlaxır çərşənbə üçün bazarlığa gələn müştərilərlə söhbətləşdik.

Züleyxa Məmmədova: “Novruz yarmarkalarına əvvəllər də gəlmişəm. Qiymətlər bahadır. Bazarlarla müqayisədə o qədər də fərq yoxdur. Vaxt var idi bu xurmanı 2 manata alırdıq, amma indi 7 manata satılır. Hər şeyin qiyməti qalxıb. Hələ heç bilmirəm bayram süfrəsini ürəyim istəyən kimi qura biləcəm, ya yox?! Dünən hər meyvədən 4 dənə aldım-alma, armud, mandarin, 16 manat verdim. Bayram şirniyyatları üçün bazarlıq Allah bilir neçəyə başa gələcək... Təmizlənmiş fındığı 5-6 manata alırdıq, indi görürsünüz, 13 manatdır. Belə baxıram ki, 100 manatdan çox xərcimiz çıxacaq”.

Tahirə Şakirqızı: “Bəzi məhsulların qiymətində marketlərlə müqayisədə gözlə görünən fərq var. Məsələn, yerkökü, kartof və s. Çərəzlərin qiymətində elə bir fərq yoxdur. Rayonlardan birbaşa bura gətirirlər. Keyfiyyət və başqa məsələlərə görə bura gəlirəm. Ailə büdcəsindən asılı olaraq bayram bazarlığı 100-150-200 manat arasında dəyişir. Bayram şirniyyatlarını az da olsa, bişirəcəyəm. Necə deyərlər, evdən qoxusu çıxsın”.

Satıcılar yaradılan şəraitdən razıdır. Alıcılıq qabiliyyəti barədə isə fikirlər müxtəlifdir. Kimi deyir məhsulları yaxşı satılır, kimi də deyir yarmarka hələ yeni açıldığı üçün alıcılıq zəifdir.

Zahid İmanov yarmarkaya Ordubaddan gəlib. O qeyd etdi ki, qiymətlər bazarlarla müqayisədə daha ucuzdur: “Qırmızı cəviz 4-6 manat, ağ cəviz 15 manat, alça və kişmiş 6 manat, ərik 11 manat, badam 5 manat, fındıq 6 manat, gavalı da 6 manatdır. Hər məhsulu dəyərindən ucuz satıram. Öz kəndimizin məhsullarıdır. Əgər müştərinin imkanı yoxdursa, daha aşağı qiymətə satırıq. Kənd Təsərrüfatı Nazirliyi bizə hər şəraiti yaradıb”.

Əlibaba Hacıyev isə Qəbələ rayonundan gəlib. O, yarmarkaya qoz, fındıq, şabalıd, müxtəlif növ ləpələr gətirib: “Bazarlarda satış etmirik. Məhsullarımızı yalnız yarmarkaya çıxarırıq. Qəbələdə şabalıdı 9-10 manata satırıq. Burada da endirimli qiymətlə satırıq. Bazarla müqayisədə 1-2 manat fərq ya edər, ya etməz. Bizim 10 manata satdığımız şabalıdı bazarda 12 manata satırlar. Yarmarkaya 300 kilo məhsul gətirmişik, 174 kilosu satılıb. Ehtiyac olsa, əlavə məhsul gətirəcəyik”.

Elvin Musayev isə süd məhsulları satır. O, ilk dəfədir yarmarkada iştirak edir: “Asan və rahat şəkildə qeydiyyatdan keçdim. Məhsulların qiyməti dükanlarla müqayisədə aşağıdır - 1, 1,5 manat fərq var. Hamısı kənd məhsullarıdır. Hiss olunur ki, alıcılıq qabiliyyəti aşağıdır. Şorun kilosunu 4 manata satırıq, deyirlər ki, bahadır. 20 kilo şor gətirmişəm, yarmarkanın 3-cü günü bitib, hələ 5 kilo satmışam”.

Məhsulların qiymətinə gəlincə:

Qozun kilosu 3-6 AZN, qoz ləpəsi 14-15 AZN; fıstıq ləpəsi 7 AZN; fındığın kilosu 5-7 AZN, fındıq ləpəsi - qabıqsız 14 AZN, qabıqlı 12 AZN; şabalıd 9-10 AZN; ağ kişmiş 6 AZN, qara kişmiş 9 AZN; iydə 8 AZN; innab 3,50-12 AZN; ərik qurusu 18 AZN; alça 6 AZN; albuxara 8 AZN; nar 1-1,50 AZN, portağal 2 AZN, almanın 3 kilosu 1 AZN, 1 kilosu 2 AZN; kivi 2, 80 AZN; pomidor 4 AZN; xiyar 2,80 AZN, kartof 1,1.10 AZN, soğan 1 AZN, badımcan 2 AZN, kələm 0, 40 AZN, yumurta 0,30 AZN-ə satılır.

Aqrar Tədarük və Təchizat İdarəsinin nümayəndəsi Qalib Bəhrəmov “Yeni Müsavat”a bildirdi ki, yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edir. O qeyd etdi ki, fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər: “Yarmarkada quru meyvələr, arıçılıq məhsulları, meyvə, tərəvəz, müxtəlif çeşiddə qablaşdırılmış məhsullar satılır. Qiymətlər fermerlərin özləri tərəfindən müəyyənləşdirilir. Yarmarkalarda iştirak edən fermerlər piştaxtalardan, tərəzilərdən və digər avadanlıqlardan pulsuz istifadə edirlər.

Məhsulların daşınmasında problem yaşayanlara logistik dəstək göstərilib. Bu məqamlar qiymətlərə öz təsirini göstərir. “Kənddən şəhərə” yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ marketinq kanalı yaratmaq, eləcə də şəhər sakinlərini yerli, mövsümi və təbii kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar qida laboratoriyaları fəaliyyət göstərir".