TƏCİLİ! Molla rejimi Rusiya ilə RAZILIĞA GƏLDİ - Bütün addımlar atıldı
12-mar-2023İran mediası Rusiya ilə yeni razılaşmanı açıqlayıb. Silah embarqosu qaldırıldıqdan sonra Rusiya ilə masa arxasına oturan İran ilk növbədə Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
Musavat.com xəbər verir ki, İran dövlət televiziyasının verdiyi xəbərə görə, Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin satınalma prosedurları artıq tamamlanıb. Bildirilib ki, 1988-ci ildə İran-İraq müharibəsindən sonra İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün müraciət göndərib və Rusiya bu müraciətə müsbət cavab verib.
Məlumata görə, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, döyüş təyyarələrinin satınalma prosedurları tamamlanıb. Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı barədə məlumat verilməyib.
Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk olaraq Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
Tehranın 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri ilə Almaniya arasında imzaladığı nüvə razılaşmasına uyğun olaraq, beynəlxalq silah embarqosu 13 il müddətinə tətbiq edilib və bəzi İran rəsmilərinin beynəlxalq səyahət qadağası 2020-ci ildə ləğv edilib. Rusiyanın “Sukhoi” şirkəti tərəfindən hazırlanmış bir oturacaqlı, ikimühərrikli Su-35 çoxməqsədli dördüncü nəsil qırıcı kimi istifadə olunur.
Embarqolar səbəbindən uzun müddətdir döyüş təyyarələri ala bilməyən İranın Hərbi Hava Qüvvələrinin inventarında ABŞ istehsalı olan köhnə F-4, F-5 və F-14, həmçinin Rusiyanın Mig-29 və Su-24 döyüş təyyarələri var.