Bu gün:
Xezer.info » Eksklüziv » Rusiyadan Gürcüstana “yeni Ukrayna” TƏHDİDİ - ŞOK İDDİA

Rusiyadan Gürcüstana “yeni Ukrayna” TƏHDİDİ - ŞOK İDDİA



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstandakı hökumət əleyhinə etirazları 2014-cü ildə Ukrayna etirazlarına bənzədib.

Musavat.com xəbər verir ki, o, fəalları “xarici agent” olmaqda ittiham edib.

“Etiraz aksiyaları Kiyev meydanında baş verənlərə bənzəyir. Onlar xaricdən təşkil olunub” - Lavrov deyib.

Rusiya XİN başçısı Gürcüstanın paytaxtı Tiflisdəki etirazların Qərb tərəfindən Rusiya sərhədində qarışıqlıq yaratmaq üçün təşkil edildiyini iddia edib. “Etirazçılar hökumət dəyişikliyi üçün qanun dəyişikliyini bəhanə edirlər” - Lavrov deyib.

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib. Təşəbbüs gəlirlərinin 20 faizindən çoxunun xaricdən gəldiyi təqdirdə qeyri-kommersiya hüquqi şəxslərin və medianın xarici agent statusunu almasını nəzərdə tutur.

Xarici media qurumlarının fəaliyyətini məhdudlaşdıran tənzimləmə mətbuat azadlığına və vətəndaş cəmiyyətinə təhlükə yaradacağından narahatlığa və etirazlara səbəb olub. Tiflis küçələrinə axışan insanlar “Rusiya qanunlarına yox” şüarları da səsləndiriblər. Onlar qanun layihəsinin qəbulunu ölkənin qərbyönümlü kursundan yayınma kimi qiymətləndiriblər. Avropayönlü Gürcüstan vətəndaşlarının keçirdiyi nümayişlərdən sonra qanunvericiliyə dəyişiklik tələbindən imtina edilib.

Xatırladaq ki, Ukraynada 2014-cü ildə Moskvayönlü hökumət Avropa İttifaqı ilə razılaşmalarını dayandırdığı zaman Qərb tərəfdarları küçələrə axışmışdı. Meydan hadisələri kimi tanınan etirazlar hökumətin devrilməsinə, ardınca Rusiyanın Krımı və Donbası işğal etməsinə səbəb olmuşdu.