Rusiyanın Azərbaycandakı bankının ağlasığmaz tələbi – Krediti ödədikdən sonra…
22-fev-2023“Bank VTB”dən 2 il müddətinə 3 min manat kredit götürən vətəndaş aylıq ödənişləri vaxtında ödəsə də, onun adından borc silinməyib. Üstəlik, buna görə müştəriyə cərimə də yazılıb. Bunun səbəbini öyrənmək üçün banka müraciət etdikdə, ona qeyri-adi cavab verilib: “Siz hər ay krediti ödəyəndə zəng edib ödəniş etdiyinizi bildirməlisiniz ki, borc adınızdan silinsin”.
Vətəndaş yazır: “Hər ay krediti tam məbləğdə (156 manat) və vaxtı keçmədən ödəmişəm. Kredit aprel ayında bitməli idi. Bu gün banka getdim. Mənə bildirdilər ki, “siz hər ay krediti ödəyəndə zəng edib ödəniş etdiyinizi bildirməlisiniz ki, borc adınızdan silinsin”. Qeyd edim ki, hər ay ödəniş edəndə onlara məlumat verəcəyim barədə kredit şöbəsi məni məlumatlandırmayıb. Üstəlik, adıma 240 manat cərimə yazıblar. Halbuki mən hər ay ödənişi vaxtında ödəmişəm. Bu halda bank müştəri hüququnu pozmuş olur”.
Vətəndaşın kredit borcunu ödədiyi təqdirdə, banka zəng edib məlumat verməsinin tələb olunması nə dərəcədə doğrudur?
Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Publika.az-a bildirib ki, müştəri krediti aybaay ödədikdən sonra banka zəng edib bildirməsinə ehtiyac yoxdur:
“Müştərinin əlində çekləri var, orada bütün detallar, ödəniş tarixi göstərilib. Kredit ödənildikdən sonra bunu banka zəng edib bildirməyə ehtiyac yoxdur. Əgər bank ödənişin edildiyindən məlumatsızdırsa, o zaman bankda idarəçilik pisdir, uçot sistemi düzgün qurulmayıb. Əslində heç bir bankda belə bir hal yoxdur. Hətta bank zəng edib bildirmək tələbi ilə yanaşı, müştəriyə gecikmə ilə bağlı cərimə yazıbsa, o zaman burada dələduzluqdan söhbət gedə bilər. Bu o deməkdir ki, bankın daxilində “oğru” işçilər var, onlar bankı aldadır və kredit ödənişini uçota almırlar”.
Ekspert qeyd edib ki, belə hallarda vətəndaş hüquqlarını müdafiə etmək üçün ödənişi həyata keçirdikdən sonra verilən çeki uzun müddət özündə saxlamalıdır:
“Vətəndaşlara çağırış edirəm: kredit ödənişlərinin çeklərini hətta bütün borc bitdikdən sonra azı 3 il saxlamaq lazımdır. Çünki bankın iddia vermək müddəti 3 ildir. Artıq praktikada belə hallar var. Bank iddia edir ki, müştəri krediti ödəməyib. Vətəndaş isə ödəniş çeklərini saxlamadığı üçün bunu sübut etmək çox çətin olur”.
Vətəndaşın iddiaları ilə bağlı “Bank VTB”-dən Publika.az-ın sorğusuna cavab olaraq bildirildi ki, aylıq ödəniş qrafikinə uyğun ödəniş edilən zaman bankın zəng vasitəsi ilə bildirmə kimi bir tələbi yoxdur:
“Müştəri kredit ödənişlərini vaxtından əvvəl ödəyib. Vaxtından əvvəl ödəniş isə kredit alanın yazılı ərizəsi ilə həyata keçirilir. Bu hallar bankla müştəri arasında bağlanan Müqavilənin 4.9-cu bəndində öz əksini tapıb. Müqavilənin 4.9-cu bəndinə əsasən “vaxtından əvvəl ödəniş “Kredit alan”ın yazılı ərizəsi əsasında həyata keçirilir. Vaxtından əvvəl edilmiş qismən ödəniş yeni “Ödəniş cədvəli”nin rəsmiləşdirilməsi ilə müşayiət olunur. Bu zaman “Kredit alan”ın arzusu ilə annuitet ödəniş məbləği azaldılır və ya kreditin ödəniş müddəti qısaldılır. Vaxtından əvvəl ödənişin silinmə tarixində “Kredit alan”ın müvafiq cari hesabında ərizədə göstərilmiş məbləğdən az vəsait olduqda, ərizə icra edilmir və kredit üzrə ödənişlər “Ödəniş cədvəli”ndə göstərilmiş qaydada həyata keçirilir”.