Bu gün:
Xezer.info » Eksklüziv » Elm və Təhsil Nazirliyi “İlin ən yaxşı məktəbi”ni köçürür – Yerində klinikanın parklanma sahəsi yaradılacaq

Elm və Təhsil Nazirliyi “İlin ən yaxşı məktəbi”ni köçürür – Yerində klinikanın parklanma sahəsi yaradılacaq



Bakı şəhəri 147 saylı Texniki-humanitar təmayüllü Liseyin valideyn kollektivi adıçəkilən məktəbin qarşısında aksiya keçirib. Aksiyada məqsəd məktəb kollektivinin Xətai rayonu 56 saylı orta məktəbə köçürülməsi və bununla əlaqədar martın 10-na qədər vaxt verilməsi ilə bağlıdır.

Aksiya iştirakçıları bəyan edirlər ki, övladlarının təhsil aldığı Lisey paytaxtın nüfuzlu təhsil ocaqlarından biridir və bu məktəbdə təhsil almaq üçün gərgin rəqabət mövcuddur. Dünya şöhrətli alim, akademik Azad Mirzəcənzadənin təşəbbüsi ilə təsis olunan məktəb müxtəlif illərdə Təhsil Nazirliyi tərəfindən “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib olub. Bu da Liseyin pedaqoji kollektivinin və şagirdlərinin səyi nəticəsində mümkün olub. Təmir-bərpa adı ilə kollektivin digər məktəbə, ikinci növbə təhsilə yönəldilməsi faktiki olaraq bu Liseyin məhvinə yönəlib.

Aksiya iştirakçısı Vüqar Orucun sözlərinə görə, övladı bu məktəbdə təhsil alır: “Şagirdlər birinci növbə üzrə tədrisə cəlb olunublar. 56 saylı orta məktəbdə isə tədrid ikinci növbə üçün nəzərdə tutulub. Liseydəki peşəkar müəllimlərin çoxu birinci növbə üzrə tədris fəaliyyətini həyata keçirib, fəaliyyətini buna müvafiq olaraq tənzimləyiblər. Faktiki olaraq kollektiv dağılmaq üzrədir. Bu məktəbi ərsəyə gətirmək üçün böyük zaman və enerji sərf olunub. İndiki halda isə Elm və Təhsil Nazirliyi bir qərarla bu məktəbin fundementini dağıtmağa çalışır”.

V.Oruc bundan öncə məktəbin Yasamal 173 saylı orta məktəbinə köçürülməsi ilə bağlı qərar verildiyini diqqətə çatdırıb: “Valideynlərin elm və təhsil naziri Emin Əmrullayevə müraciətindən sonra Xətai rayonu 56 saylı orta məktəbinə dəyişdirilməsi barədə qərar qəbul olunub. Biz tələb edirik ki, məktəbin kollektivi yaxın ərazidəki məktəblərdən birinə, birinci növbə üzrə tədrisə cəlb olunsun. Aksiya ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyinin, Bakı şəhər Baş Təhsil İdarəsinin rəsmiləri məktəbə təşrif buyurdular. Onlarla müzakirələr apardıq. Açıq şəkildə bildirdilər ki, məktəb köçürüləcək– valideyn söyləyir.

Əlavə edir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti-bərpa işlərinə nəzarət etməlidir: “Bu, Elm və Təhsil Nazirliyinin daxili qərarıdır. Hansı ki, binanın qəzalı vəziyyətdə olmasına və orada təhsilin dayandırılmasının zəruriliyinə, Elm və Təhsil Nazirliyi deyil, aiddiyyatı instansiyalar qərar verməlidir.
Onu da bildiririk ki, bəzi iddialar mövcuddur. Nəzərə alsaq ki, bu ərazidə torpaq sahəsinin bir sotu 600-700 min manat civarında dəyişir və sahəsinə görə, bir neçə milyon manat gəlir əldə etmək imkanı var, tələsik köçürülmənin üzərində şübhələr artır. Daha bir iddia isə məktəbin yaxınlığında yerləşən “American Clinic”in Liseyin ərazisində parklanma sahəsi yaradacağı ilə bağlıdır. Məktəb qəzalı vəziyyətdə deyilsə, yay fəslini gözləmədən Elm və Təhsil Nazirliyinin belə bir addım atması qanunsuzdur. Valideynlər aksiyada bildiriblər ki, bununla barışmayacaq və ölkə rəhbərliyinə müraciət edəcəklər.
Tribunainfo.az