Elşad Həsənovun başa düşmədiyi HƏQİQƏT
20-fev-2023"Azərbaycan icra hakimiyyət başçıları özləri və övladları iştirak etməyən Qarabağ müharibəsi mövzusundan danışmağı, vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən söz açmağı çox sevirlər. Amma müharibə veteranlarını, əlilləri, şəhid ailələrini eşitmək, onları dinləmək qəti istəmirlər!" Bu ittihamı tanınmış jurnalist Tapdıq Abbas səsləndirib.
Jurnalist daha sonra yazır: "Hətta hər gün televiziyalarda təbliğ etdikləri ideyaları əməli olaraq həyata keçirmirlər, heç olmasa, onları vəzifəyə təyin edən ölkə Prezidentinin göstəriş və tapşırıqlarını yerinə yetirmirlər. Adamı dəhşətə salan odur ki, müharibə veteranlarına qarşı kobudluq edən icra başçıları arasında yeni təyin olunmuş gənc icra başçıları öndə gedir. Məsələn, Yasamal İcra hakimiyyətinin başçısı Elşad Həsənov hələ də başa düşmür ki, nəinki Qarabağ qazisinin, hətta istənilən vətəndaşın qəbulunu təmin etməyə borcludur. Çünki bu, onun vəzifəsidir. İcra başçısının bu cür yanlış hərəkət etməsi ilk növbədə ölkə Prezidentinin Qarabağ veteranları, əlilləri və şəhid ailələrinə qayğı və diqqət göstərmək barədə Sərəncamına və göstərişilərinə tamamilə ziddir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə bu cür məsuliyyətsiz və laqeyd münasibət göstərməyə haqqı çatmır. Ölkə Prezidenti özünü xalqın xidmətçisi adlandırır, amma icra başçısı xalqı, sanki dədəsinin kürsüsündə oturmuş kimi, kabinetə buraxmır!.."//dia.az//