Ərzaqlar “cib yandırır”: Süni qiymət artımının qarşısını necə almalı?
19-fev-20232023-cü il başlayandan kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli dərəcədə artım olub.
Xüsusilə, kartof, soğan, kələm kimi məhsulların qiyməti süni şəkildə artırılıb.
Son illər bazarda ən çox narahatedici məqamlardan biri də süni qiymət artımının olmasıdır.
Maraqlıdır, süni qiymət artımının qarşısı necə alınmalı və onunla hansı şəkildə mübarizə aparılmalıdır?
Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, hazırda ölkəmizdə süni qiymət artımı bir neçə amil və faktorların təsiri ilə həyata keçir:
“Buna əsasən mövsümi amillər təsir edir. Çünki indi qışdır və meyvə-tərəvəzin daha qıt olan vaxtıdır. İkinci səbəb bəzi tərəvəz məhsullarının ixrac imkanı genişlənib.
Məsələn, pomidor Rusiyaya və digər ölkələrə ixrac olunur. Bu da öz növbəsində qiymətlərə təsir göstərir. Bu da onu deməyə əsas verir ki, bu cür məhsullar bizdə mövsümlə əlaqədar daha az yetişdirilir. Deməli, növbəti yığıma qədər qiymət artımı davam edəcək.
Digər idxal olunan məhsulların qiymətində isə süni artımı baş verir. Buna səbəb isə iqtisadi münasibətlərdə rəqabətlilik təmin edilməyib. Rəqabət Məcəlləsinin qəbul edilməsi, şəbəkə marketlərinin fəaliyyətinin tənzimlənməsi, həmçinin inhisarçıların bazarda payının azaldılmasına və müəyyən nəzarətə götürülməsinə, tənzimlənməsinə böyük ehtiyac var.
Çünki bunların hamısı süni qiymət artımına səbəb olur. Əsas mübarizə metodlarından biri bazarda rəqabətliliyin artırılmasıdır. Bazarda şəffaf rəqabətlilik təmin olunsa, bu süni qiymət artımının qarşısını alacaq. Qeyd etdiyim kimi, şəbəkə marketlərin fəaliyyəti tənzimlənməlidir. Çünki onlar həddən artıq geniş yayılırlar, bu da digər sahibkarların fəaliyyətini əngəlləyir, onlara mane olur və rəqabətdə kiçik marketlər tab gətirə bilmir. Onlar da bazarda öz inhisarçı mövqelərindən istifadə edib istədikləri qiymətlə məhsulları satırlar”.