"Azərenerji": "Laçın” Qovşaq Yarımstansiyası şəhəri və ətraf kəndləri enerji ilə təchiz edəcək
22-sen-2022"Azərenerji" ASC-nin Laçında inşa edəcəyi 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyası Laçın şəhərini və ətraf kəndləri Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, onları dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək məqsədi daşıyır.
Bunu Trend-ə səhmdar cəmiyyətinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
"Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə yeni tikiləcək “Laçın” şəhər yarımstansiyasının ümumi gücü 80 MVA (2x40) olacaq və ən əsası bu yarımstansiya qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımsatsiyalarına, ordan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən mövcud 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən mövcud 110 kV-luq ikidövrəli xətt, “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən mövcud 110 kV-luq ikidövrəli xətt Laçın şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.
Beləliklə, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda tikilən yarımstansiyalar və yeni çəkilən 400 km-dan artıq yüksəkgərginlikli 110 kV-luq ikidövrəli xəttlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki hansısa yüksəkgərginlikli 110 kV-luq xəttə qəza baş verərsə dərhal digər istiqamətdən gələn xətt vasitəsiylə ora gərginlik veriləcək və bununla da Qarabağ və Şərqi Zəngəzurun dairəvi elektrk təchizatı vasitəsiylə enerjinin verilişində fasilə yaranmayacaq", - deyə o qeyd edib.
"Azərenerji" rəsmisi onu da deyib ki, “Laçın” Qovşaq Yarımstansiyası və rayonun yüksəkgərginlikli ötürücü şəbəkəsi vasitəslə generasiya mənbələrinin ölkənin ümumi enerjisisteminə qoşulması əhatələnəcək: "Azərenerji”nin ötən il bərpa etdiyi 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyası, yaxın perspektivdə Laçın rayonda 14 yerdə yeni tikiləcək ümumi gücü 51,5 MVt olan kiçik su elektrik stansiyaları, o cümlədən işğalçıların dağıtdığı, ümumi gücü 68,5 MVt olacaq 14 kiçik su elektrik stansiyası da yenidən qurularaq Azərbaycanın ümumi enerjisisteminə qoşulacaq. Beləliklə, Laçında 28 yerdə kiçik su elektrik stansiyası yaradılaraq 120 MVt elektrik enerjisi istehsal ediləcək.
Strateji əhəmiyyətli “Laçın” Qovşaq Yarımstansiyasında avadanlıqlarla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV və 10 kV-luq Qapalı Paylayıcı Qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV Açıq Paylayıcı Qurğu, personal üçün xüsusi yataqxana korpusu da tikiləcək".
"Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılacaq", - deyə T.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, hazırda rayonun şimal hissəsində yerləşən Qorçu kəndi ərazisində 2x40 MVA gücündə 110/35/10 kV-luq “Qorçu” yarımstansiyasının tikintisi yekunlaşmaq üzrədir: "Yarımstansiyanın qidalandırılması üçün 110 kV-luq “Kəlbəcər”yarımstansiyasından “Qorçu” yarımstansiyasına çətin və mürəkkəb relyefli ərazilərdən keçməklə çəkilən 42 km uzunluqda 110 kV-luq ikidövrəli hava xəttinin tikintisi yekunlaşdırılıb.
İşğala qədər Laçın rayonunun güc tələbatı 8 MVt, yarımstansiyaların qoyuluş gücü 12 MVt olub, 2040-cı ilə qədər isə tələbatın 88 MVt olacağı gözlənilir. “Azərenerji”nin həyata keçirdiyi layihələrin icrası nəticəsində 2 ədəd 110 kV-luq yarımstansiya və 5 ədəd 210 km uzunluqda ikidövrəli hava xətləri tikilərək rayonun elektrik təchizatı şəbəkəsinə 160 MVA, (145 MVt) güc ötürmə imkanı yaranacaq və tələbat uzunmüddətli dövr üçün qarşılanacaq".