Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir - Vüqar Rəhimzadə
22-sen-2022Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il avqustun 26-da rəsmi “Tvitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Otuz il torpaq həsrəti ilə yaşayan, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunacağı, öz doğma yurd-yuvalarına qayıdacaqları günü hər zaman səbirsizliklə gözləyən soydaşlarımız, bütün Azərbaycan xalqı belə xoş müjdəli xəbərləri 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı İlham Əliyevin dilindən eşidirdi. Həmin günlərdə Müzəffər Ali Baş Komadanın xalqa müraciətlərinin, paylaşımlarının hər biri torpaqlarımızın işğaldan azad edilməsi xəbəri ilə başlanırdı. 44 gündə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dünyaya səs salan, dastana çevrilən əfsanəvi Şuşa əməliyyatından sonra mənfur düşmən diz çökdü. Bunun məntiqi nəticəsi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi, dünyaya təqdimatı oldu. Müharibədən ötən son iki il isə üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi mərhələsidir. Bu Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçının bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin, siyasi-diplomatik fəaliyyətinin təntənəsi, tarixi hadisə kimi yaddaşlarda qaldı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında keçilən yolun təhlili əsasında bir daha bu əminliyi ifadə etdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, iki ilə yaxın dövrdə işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “Qısa müddətdə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Bircə faktı qeyd etmək kifayətdir ki, artıq Qarabağdan dünyaya hava qapısı açılıb, yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə bu mühüm hadisəni Şərqi Zəngəzur da yaşayacaq. Üçüncü hava limanı üçün məkanın Laçın rayonunun ərazisinin seçilməsi də təsadüfi deyil. Bu, həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Diqqəti daha çox Beynəlxalq Hava limanlarının tikintisinə və istifadəyə verilməsinə yönəltməyimiz səbəbsiz deyil. Avtomobil, dəmir yolu və hava limanları özlüyündə həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıqda iqtisadi və siyasi yol xəritəsinin təqdimatlarıdır. Bu yollar artıq sahibinə qovuşan torpaqlarımızı böyük investisiyalar məkanına çevirəcək, onların turizm imkanlarından səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaranacaq. Ən əsası Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi tarixi Zəfərimizin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə öz töhfəsini verir. Bu gün Zəfər yolu 30 illik torpaq həsrətinə son qoyulan xalqımızı mədəniyyət paytaxtımız Şuşa ilə birləşdirir. Görülən işlərin əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, indi isə Laçın şəhərini bərpa etmək vaxtı çatıb və artıq buna hazırlıq görülür. Laçın rayonuna səfəri zamanı hazırlıq işlərindən danışan dövlət başçısı İlham Əliyev bildirdi ki, avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq. Bütün bunlar bir daha sübut edir ki, hədəflərə tez bir zamanda nail olmağımız üçün mühüm əsaslar mövcuddur.”
“Torpaqlarımızın 30 il işğal altında qalmasına, bu müddətdə xalqımızın əzab-əziyyət içində yaşamasına, tarixi və dini abidələrimizin məhv edilməsinə, bu ərazilərimizin ermənilər tərəfindən illərdir erməniləşdirilməsi üçün izlərimizin silinməsi istiqamətində göstərilən səylərə baxmayaraq Azərbaycan dünya hərb tarixində bəlkə də nadir hal kimi dəyərləndirilən addımı ataraq təcavüzkar dövlətə sülh təklifini etdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri diqqəti Müzəffər Ali Baş Komandanın çıxışında yer alan mühüm mesajlara yönəldib: “İki ilə yaxın dövrün reallıqları sübut edir ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Düşmənin bu niyyətini ifşa etmək üçün son iki ayda Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların miqyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı çıxışında bu statistikanı açıqladı ki, müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Azərbaycana qarşı müharibə davam edir.
Törədilən təxribatların qarşısının qətiyyətlə alınması bir daha Ermənistana və ona dəstək verən bəzi dünya güclərinə xatırladır ki, Azərbaycan heç vaxt ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan addımları cavabsız qoymayacaq. Ermənistanda mütəmadi olaraq baş qaldıran revanşist qüvvələr “Dəmir yumruq”la yanaşı, “Qisas” və sonuncu Parlaq Qələbə əməliyyatlarını da unutmamalıdırlar.”
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, orada dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etməsin və dünya güclərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesajlarını çatdırmasın: “Bu, bir reallıqdır ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətlərini vəzifələrinə uyğun həyata keçirsəydilər, ən əsası BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi baş verməzdi. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bu məqamı xüsusi vurğuladı ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri edilmədi, əksinə, işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.”
“Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, bugünümüzün tamamilə fərqli çağırışları mövcuddur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir: “Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana Azərbaycan sülh təklifini edir, ona son şansı verir, təcavüzkar dövlət isə yenə də himayədarlarına arxalanıb sülh müqaviləsini imzalamaq istəmir. Keçirilən görüşlərdə irəli sürülən şərtlər Ermənistan rəhbərliyi tərəfindən qəbul olunur, sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamağın zəruriliyi bildirilir, konkret məqam yetişəndə isə erməni silahlı qüvvələri sərhəddə təxribatlar törədirlər. Ermənistanın bu gün də yaddaşında işğal dövründəki ərköyünlüyü qalıb. Təcavüzkar dövlət ona uyğun hərəkət etmək istəyərkən unutmamalıdır ki, Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarındakı, 90-cı illərinin əvvəlindəki Azərbaycan deyil. Torpaqlarımız 30 il işğal altında olan zaman xalqımız dünyadan ədalət gözlədi. Sonda bu ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan dövlətinin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz oldu. Dövlət başçısı İlham Əliyevin Laçından səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq” çağırışı da Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. Yeni reallıqları yaradan, postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycanın öz ərazi bütövlüyünü qoruması onun beynəlxalq hüquq normalarında təsbit edilmiş suveren hüququdur. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurumuzun, Zəfərimizin rəmzidir.”
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Bu səfərlər çərçivəsində atılan addımlar tarixi Zəfərimizin təqdimatı, Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir: «Erməni vəhşiliklərinin, vandalizminin şahidləri olan bu torpaqlarımız qısa zamanda Azərbaycanın öz daxili imkanları hesabına cənnət məkana çevriləcək. Ölkə Prezidenti Laçın rayonuna səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi.
Bəli, göründüyü kimi, bu gün torpaqlarımız dağıntılardan xilas olub quruculuq mərhələsini yaşadıqları üçün sanki sevincdən dil açırlar. Tariximizin 30 illik işğal dövrü heç zaman unudulmayacaq. Şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün tarixi torpaqlarımıza qovuşmuşuq. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb.”
“Tezliklə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə dönüşün başlayacağı, Kəlbəcər və Laçına salınan çoxsaylı yolların ərazidə dinamik həyat yaradacağı günümüzün reallıqları sırasında olacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində paylaşımında yer alan “Ay Laçın, Can Laçın 21.09.22” fikirləri özündə bütün məqamları birləşdirir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.