Ermənistan anlamalıdır ki, 10 noyabr bəyanatının yerinə yetirilməsinə heç bir alternativ yoxdur - Sevil Mikayılova
22-sen-2022Prezident İlham Əliyevin Laçına səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın qətiyyətli mövqeyini ifadə etməklə yanaşı Ermənistana ciddi bir mesajdır. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməkdən imtina edir. Lakin Ermənistan anlamalıdır ki, bəyanatın yerinə yetirilməsinə heç bir alternativ yoxdur.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə Azərbaycan regionda yeni reallıqlar, əməkdaşlıq, dayanıqlı sülh üçün yeni imkanlar yaratdı. “Ermənistan 30 il ərzində topqalrımızı işğal altında saxlayıb, şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi məhv edib, xarabalığa çevirib, lakin Azərbaycan 2020-ci ildə tarixi qələbə qazandıqdan və torpaqlarımızı işğaldan azad etdikdən sonra Ermənistana sülh və əməkdaşlıq təklif etdi. Lakin hələ də Ermənistan revanşist hisslərlə yaşayaraq Azərbaycanın bu təkliflərinə təxribatlarla cavab verir, destruktiv mövqe nümayiş etdirərək regionda təhlükəsizliyə təhdidlər yaradır.
Sentyabrın 12-də ermənilərin sərhəddə təxribatı daha geniş miqyasalı oldu və nəticədə ordumuz düşmənə layiqli cavab verdi. Bu, Vətən müharibəsindən sonra ermənilərin törətdiyi ən genişmiqyaslı təxribat idi. Bu dəfə də şanlı ordumuz düşmənə layiqli dərs verdi və onu ağır itkilərə məruz qoydu. Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində ucaltdığı bayrağı Ermənistan son xəbərdarlıq kimi qəbul etməlidir. Ermənistan bilməlidir ki, bundan sonra prosesləri süni şəkildə uzatmağa, 10 noyabr bəyanatının yerinə yetirilməsini ləngitməyə və sülh müqaviləsindən yayınmağa fürsət verilməyəcək”, - deyə deputat qeyd edib.
S.Mikayılova vurğulayıb ki, Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür təxribatlarla heç nəyə nail olmayacaq, 10 noyabr bəyanatının yerinə yetirilməsinə, sülh müqaviləsinin imzalanmasına mane ola bilməyəcək. “Azərbaycan öz mövqeyində qətəyyətlidir və bu cür təxribatlarla ölkəmizi mövqeyindən yayındırmaq mümkün deyil. İstər Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası, istərsə də sülh müqaviləsinin imzalanması reallığa çevriləcək.
Cənab Prezident bəyan edib ki, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq"”, - deyə S.Mikayılova bildirib.
O qeyd edib ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır. “Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir, məğlub Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir”, - deyə deputat əlavə edib.