Məktəblər üçün yeni tədris və təlim vəsaitləri
21-sen-2022bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından bu gün məktəblərin yuxarı sinif şagirdləri üçün yeni tədris və təlim materialının hazırlanması məqsədi daşıyan bir sosial layihənin uğurla başa çatdığını elan edib. Layihə həmçinin ölkədə distant təhsil imkanlarının gücləndirilməsi səylərini dəstəkləyir.
Layihənin hazırlayıb təklif etdiyi material tədris planından kənar məzmun olmaqla karyera planlaşdırması, maliyyə savadlılığı və sahibkarlıq haqqında onlayn dərslər üçün nəzərdə tutulub. Material hazırlandıqdan sonra videodərslər şəklində ümumi və onlayn televiziyalar, həmçinin digər rəqəmsal kanallar vasitəsilə geniş təqdim edilib. Sahibkarlıq haqqında 10 dərs, maliyyə savadlılığı haqqında doqquz dərs və karyera planlaşdırması haqqında iki dərs hazırlanıb. Bunların arasında “Mən sahibkaram”, “Mənim büdcəm”, “Mənim gələcəyim” kimi bəzi videodərslər Təhsil Nazirliyinin 114000 abunəçisi olan “YouTube” kanalında kifayət qədər populyarlaşıb.
Bundan əlavə, layihə dövlət və özəl sektoru təmsil edən uğurlu karyera sahibləri ilə keçirilmiş doqquz onlayn müsahibə əsasında hazırlanmış xüsusi təlim proqramları da təklif edib. Bunlar məşğulluq tendensiyaları, karyera yolları və iş tələbləri kimi mövzularda interaktiv müzakirələrdən ibarət olub.
Layihənin məqsədi həmçinin maliyyə savadlılığı və sahibkarlıq mövzularında sinifdənkənar məşğələlər üçün vəsait hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək olub. Nazirlik artıq bu məzmunu ölkənin müxtəlif yerlərində ümumilikdə 30 məktəbdə istifadə etməyə başlayıb. Bu məşğələlərə hazırlıq məqsədilə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdən seçilmiş məktəblərin bir qrup müəllimi üçün onlayn təlim təşkil olunub və həmin müəllimlər xüsusi hazırlanmış metodik vəsaitlə təmin edilib.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir: “İnanırıq ki, layihə çərçivəsində hazırlanmış material həm onlayn dərslərdə, həm də canlı məşğələlərdə istifadə edilə biləcək dəyərli tədris və təlim vəsaitidir. Təhsil Nazirliyi artıq 3230 şagirdi, 64 müəllimi və 122 sinfi əhatə etməklə 30 məktəbdə bu məzmunun pilot istifadəsinə başlayıb. Geniş mənada baxsaq, hər bir insan karyera planlaması, maliyyə savadlılığı və sahibkarlıq haqqında yaxşı biliyə malik olmalıdır. Bu biliyə nə qədər tez yiyələnsək, hər bir işdə qarşıya çıxa biləcək çətinliklərə qarşı bir o qədər hazırlıqlı olarıq. Ümidvarıq ki, bu layihə bir çox gəncin uğurlu karyera yoluna hazırlığında yardımçı olacaq.”
Layihənin dəyəri 60000 AZN (35300 ABŞ dolları) təşkil edib və layihə müddəti 11 ay olub. Layihənin icraçısı Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan) ictimai birliyidir.
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 103 milyon dollar vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində 2268 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
Əlavə məlumat üçün:
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95