Bu gün:
Xezer.info » Cəmiyyət » Zəngəzur dəhlizi Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək

Zəngəzur dəhlizi Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək


Zəngəzur dəhlizi Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək
Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması Bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya və s. layihələr müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır

Məlumdur ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Bu dəhlizin gələcəkdə Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcəyindən, eyni zamanda Azərbaycanın konstruktiv əməkdaşlığa hazır olduğundan xəbər verir. 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illərlə blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Dəhlizin açılması ilə ilk növbədə təcrid şəraitindən azad olunduğu üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq: “Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür. Buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Paralel olaraq Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaqdır. Bu da bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaqdır. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaqdır. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Ölkə başçısının da dəfələrlə öz müsahibəsində qeyd etdiyi kimi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Beləliklə, Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər.

Bütün bunların nəticəsi olaraq qüdrətli Azərbaycan Respublikası həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi