Zəngəzur dəhlizinin regional və interkontinental əhəmiyyəti hazırki şəraitdə daha da artır
21-sen-2022Zəngəzur dəhlizininin açılması məsələsi Üçtərəfli Bəyənatda əksini tapan ən əsas müddəalardandır. Əvvəla, bu dəhlizin yaratdığı iqtisadi imkanlar yeni nəqliyyat yolunun keçdiyi bütün ölkələrdə yerli inkişafa təkan verəcək. Eyni zamanda bu dəhliz bölgədəki köhnə nəqliyyat yollarına əsas alternativdir ki, bu da region ölkələri arasındakı tranzit əlaqələrində daha sərfəli marşrutdur. Nümunə üçün dəhlizin Türkiyə və Mərkəzi Asiya ölkələri ilə bağlantısında daşıya biləcəyi əhəmiyyəti göstərmək olar. Burada əsas məqam Türk dövlətlərinin birbaşa xətlə birləşməsidir. Bu isə regiondakı yükdaşımada İranın təsirini minimuma endirir. Bununla da Türkdilli dövlətlər arasında yeni yaxınlaşma mərhələsi başlanır. Təsadüfi deyil ki, dəhlizin açılması məsələsi aktuallaşan vaxtdan bu günə qədər Türkdilli dövlətlər arasında siyasi əlaqələr artmış, onlar bir sıra vacib beynəlxalq görüşlərdə bir araya gəlmişlər. Son olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən sammiti də bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Dəhlizin interkontinental əhəmiyyəti dedikdə isə onun qitələrarası ticarətdə oynadığı rol nəzərdə tutulur. Bununla Çindən gələn malların Türkiyə vasitəsilə Avropaya daşınması asanlaşacaq. Xüsusilə də Ukrayna və Rusiya arasındakı müharibə başlayandan sonra Çin-Avropa arasındakı yükdaşımada alternativ yolun vacibliyi artır. Buradan da belə nəticəyə gəlmək olar ki, Zəngəzur dəhlizi Şərq-Qərb ticarət yolunun mühüm hissəsi olacaq.
Hazırda dəhlizin açılması üçün bütün imkanlar mümkün olsa da, Ermənistan tərəfi prossesi maksimum ləngitməyə çalışır. Nəzərə alsaq ki, Ermənistanın kommunikasiya əlaqələri demək olar ki, məhdud səviyyəsindədir, bu zaman dəhliz onların özü üçün də faydalı ola bilər. Lakin, Ermənistan tərəfi əldə olunan razılığa əməl etməyərək hər vasitə ilə regionda təxribatlar törətməyə cəhd edir. Bu isə uzunmüddətli perspektivdə mümkünsüzdür, yəni, Ermənistan heç bir vasitə ilə dəhlizin açılmasına uzun müddət əngəllər yarada bilməz.
Son hadisələr də göstərir ki, tezliklə dəhliz açılacaq və regionun yeni inkişaf periodu başlayacaq.
Əli Babazadə,
YAP-ın gənc fəalı