Bu gün:
Xezer.info » Eksklüziv » Ağstafa təhsili nurçuların hədəfində

Ağstafa təhsili nurçuların hədəfində


Ağstafa təhsili nurçuların hədəfində
Təhsil şöbəsinin müdiri Leyla İsayeva öz ideoloji rəhbərlərinin tapşırıqlarına əsasən Ağstafa təhsilində köklü islahatlar aparır

Bu gün ölkəmizin təhsil sistemində möcud olan müxtəlif problemlər, bu problemlərin aradan qaldırılması üçün dövlət səviyyəsində həyata keçirilən islahatlar və bu sahədə cərəyan edən digər proseslərlə bağlı mövzular daim həm ictimaiyyətin, həm də ölkə mətbuatının diqqət mərkəzində saxlanılır. Bununla belə, etiraf etmək lazımdır ki, son illər Azərbaycanın təhsil sistemi indiyədək qarşılaşdığı bütün digər “ənənəvi” problemlərdən daha ciddi bir təhlükə ilə üz-üzə qalmışdır. Əslində bu təhlükəni bəlkə də bir işğal, və yaxud da bir virus yoluxması kimi qəbul etmək lazımdır. Çünki təcrübə göstərir ki, bir tərəfdən bu problemlə başqa yanaşma tərzi ilə heç cür mübarizə aparmaq olmur. Digər tərəfdən isə, ölkənin təhsil sisteminə daxil olmaqla, bu virus on minlərlə uşaq və gənclərimizin milli-vətənpərvər ruhda formalaşmaları işini əngəlləyir, yetişməkdə olan gənc nəslin düşüncə tərzini bizə yad ideologiyalara tabe etdirir. Bəli, söhbət bu gün Azərbaycan təhsilini bir hədəf kimi seçmiş “Nurçuluq” təriqətinin bu sahədə getdikcə aktivləşən fəaliyyətindən, təriqət mənsublarının ölkənin təhsil sistemində müxtəlif rəhbər vəzifələrə təyinat almaqlarından gedir. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə bu mövzuya toxunmuş, ayrı-ayrı nurçuların müəllim, məktəb direktoru və digər aparıcı vəzifələrə necə gəlib çıxmaları, ən əsası isə, bu vəzifələrdə təmsil etdikləri təriqətin ideologiyasını uşaq və gənclərə təlqin etmək üçün hansı üsullara əl atmaları barədə ətrafı açıqlamalar təqdim etmişdik. Bu günlərdə isə, redaksiyamıza nurçuların daha bir təmsilçilərinin rayon təhsil şöbəsinin müdiri postunda fəaliyyətinə dair maraqlı açıqlamalar təqdim edilmişdir.

Məlum olduğu kimi, ötən ilin oktyabr ayında Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Leyla İsayeva təyinat almıdır. Hərçənd, Ağstafadan aldığımız məlumatlara görə, rayon ictimaiyyətinin böyük əksəriyyəti nə bu təyinata, nə də təhsil şöbəsinin keçmiş müdiri, mərhum Fərhad Vəliyevin işdən çıxarılmasına qətiyyən haqq qazandırmır. Bu barədə dünən bizimdovr.az-a daxil olmuş açıqlamada deyilir: “Fərhad Vəliyev həmişə işinə diqqətli, tələbkar və verilən tapşırıqlara layiqincə əməl edən bir şəxs olub. Onun işlədiyi məktəblər təlim və tədrisin keyfiyyətinə görə birinci olub. O, bu xidmətlərinə görə irəli çəkilərək Ağstafa Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Lakin ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə nurçuların Gəncə-Qazax regional mərkəzindən müəyyən bir təklif gəlib. Elə bir təklif ki, Məhərrəm Quliyev ondan imtina edə bilməyib. Belə ki, nurçular Leyla İsayevanın Ağstafa RTŞ-yə müdir təyin olunması üçün başçıya çox böyük məbləğdə pul təklif ediblər. Bundan sonra başçı asanlıqla olmasa da, hər halda Fərhad Vəliyevin işdən azad olunmasına və Leyla İsayevanın təyinatına nail ola bilib. Bütün bu qalmaqallar, haqsızlıqlar və təhdidlər nəticəsində Fərhad Vəliyev ürək çatışmazlığına məruz qalaraq, dünyasını dəyişib. Leyla İsayeva isə, vəzifəyə gələn gündən öz ideoloji rəhbərlərinin tapşırıqlarına əsasən Ağstafa təhsilində köklü islahatlara başlayıb. Qısa müddət ərzində rayonun əksər məktəblərinin direktorları dəyişdirilərək nurçularla əvəzlənib. Eyni proses həmçinin orta məktəb müəllimləri arasında da aparılır. Ağstafa məktəblərində nurçuluq təriqətinin təbliğindən son dərəcə narahat olan valideynlər isə, öz dərdlərini demək üçün nə təhsil şöbəsinə, nə də rayon icra hakimiyyətinə üz tuta bilmirlər...”

Qeyd edək ki, bizimdovr.az-a daxil olan məlumatda mənbə, Leyla İsayevanın arxasında hələlik adını açıqlamaq istəmədiyi bir millət vəkilinin də durduğunu iddia edir.

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənə bilərik.