Zəngəzur dəhlizi ŞƏT sistemində güclü elementə çevrilir
19-sen-2022Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd zirvəsində Azərbaycan Prezidentinin iştirakı və həm də bu iştirakın Paşinyanın nümayişkaranə şəkildə sammitdən imtinası fonunda gerçəkləşməsi özlüyündə əhəmiyyətli tarixi hadisədir. Tək onu deyək ki, mövzu Çin Hindistan, Rusiya, Pakistan və digərlərinin böyük iqtisadi-sənaye və investisiya potensiallarını özünə hopdurmuş böyük bir geosiyasi məkanda Azərbaycanın yeni və genişlənən manevrlərindən ibarətdir .
Təbiidir ki, belə böyük məkanın imkanları üzərində dayanmış Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iştirak etməkdən əlavə Azərbaycan Prezidenti həm də çıxış edərək bütün təşkilatın, eləcə də ayrı-ayrı üzv dövlətlərin maraqları ilə uzlaşan mesajlar verdi,konkret maraqlı istiqamətlər göstərdi. Göründüyü kimi, Şanxayda Azərbaycanın yeri var. Bu siyasi, ya hərbi blok deyil ,daxili siyasi-iqtisadi sistem və xarici siyasətin konkret istiqamətləri barədə üzv ölkələri heç bir ümumi prinsiplərə bağlamır, beynəlxalq münasibətlərdə praqmatik davranışlara heç bir istiqamətdə məhdudiyyət tanımayan birlikdir. Başqa sözlə, Şanxay "malik olduğu potensialları ən səmərəli əməkdaşllqlar naminə ortaya qoya bilənlərin" təşkilatı kimi ideal formatdır. Bu formatı yaradanlar hazırkı unikal dünya reallıqları çərçivəsində öz aralarında əməkdaşlığın yeni və ən səmərəli istiqamətlərinin intensiv axtarışlarındadır.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin həm zirvədəki məruzədə, həm də ikitərəfli görüşlərdə Azərbaycanın imkanlarını təqdim etməsi axtarışlarda olan Şanxay liderlərinin məhz gözlədikləri məqamlar idi. Artıq neçənci mərhələdir ki, Azərbaycan digər ölkə və birliklərin onunla əməkdaşlığa maksimum ehtiyac hiss etdikləri anda, gərək olan yerdə peyda olur və öz imkanlarını ən praqmatik şəkildə dövriyyəyə buraxır.
Baxın, Çin 2013-cü ildə "Bir kəmər, bir yol" layihəsini təqdim edəndə Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarına möhkəm güvənmişdi. Elə bu güvənə görə də Azərbaycan Prezidentini xüsusi dəvət etmişdi. Əgər Azərbaycan Bakı-Tbilisi - Qars dəmiryolunu, Bakı beynəlxalq dəniz limanını, geniş avto və dəmiryollarını, beynəlxalq hava limanlarını yaratmasaydı, Çin və Avropa üçün müstəsna əhəmiyyətli Şərq-Qərb nəqliyyat dəhlizi bu qədər cəlbedici və praktik effektli səviyyəyə çıxmazdı. İndi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi deyilən marşrut Şərq-Qərb xəttinin bir hissəsi kimi Azərbaycansız necə işləyə bilər? Yaxud, hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun Xəzərin sahillərinə qədər uzadılması layihəsindən danışılır ki, bu da Azərbaycanın üzərində Şərq-Qərb marşrutunun daha da səmərəli şaxələndirilməsi deməkdir.
Eyni sözləri Şimal-Cənub dəhlizi barədə də demək olar. 2001-ci ildə Rusiya, İran və Hindistan arasında üçtərəfli daşımalar üçün imzalanmış saziş 2010-11-ci illərə qədər əslində heç bir populyarlıq qazana bilmədi. O vaxta qədər ki, Azərbaycan ona qoşulmamışdı. Azərbaycanın qoşulması ilə dəhliz üçün yeni nəfəslik açıldı. Həqiqətən də Hindistandan İran üzərindən Rusiya və şimali Avropaya qədər yükdaşımalarda Azərbaycansız nə qədər səmərəli işləmək olardı? Azərbaycan qoşulan kimi, dəhluz üzərində Qəzvin-Rəşr-Astara -Astara dəmiryolunun tikintisi iqtisadi gündəmin çox vacib məsələsinə çevrildi. İranla Azərbaycan Astarasını və Qəzvinlə Rəşti birləşdirən hissələr inşa edildi. Xəttin qapanması üçün Rəşt-İran Astarası yolunun tikintisi tamamlanmalıdır ki, Azərbaycan bunun üçün də böyük səylər qoyur. Hətta Azərbaycan bu yolun tikintisini öz üzərinə götürməyə hazır olduğunu da bəyan edib. Bu il sentyabrın 9-da qəbul olunmuş Rusiya-Azərbaycan-İran Bakı Bəyannaməsi Şimal-Cənub dəhlizini tamamlayan son qərar sayıla bilər. Bütün bunlar onu təsdiq edir ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin işində keyfiyyətcə yeni açılmış mərhələlər Azərbaycanla və Azərbaycanın yaratdığı infrastrukturlarla bağlıdır.
Məlumdur ki, Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10 noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın gerçəkləşə bilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması da vacibdir. Bu mənada Azərbaycan Prezidentinin Putinlə görüşdə Azərbaycanın 10 noyabr və ondan sonrakı bütün razılaşmaların tam icrasında maraqlı olduğunu xüsusi vurğulaması təkcə Rusiyaya yox, bütün ŞƏT ölkələrinə təşviqedici mesajdır. Hər şey sadə mahiyyətə malikdir. Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çindən ayrıca gözləntilər var. Zəngəzur dəhlizi və eləcə də digər regional komunikasiyaların açılmayacağı təqdirdə Çinin Ermənistan liderini Pekinə "Bir kəmər, bir yola" dəvət etməsinin formal təntənədən uzağa getməyən "effekti" olacaq. Ermənistana isə "Çin kimi bir ölkə bizim liderimizi adam yerinə qoyur" kimi boş lovğalıqdan başqa heç nə qalmayacaq. Eyni məntiqi heç bir qərəz motivi olmadan Hindistana yönəlik də işlətmək olar. İstəyirsinizmi ki, Ermənistan Şimal-Cənub dəhlizinin imkanlarından real istifadə etsin? Bunun üçün "Tac-Mahalı erməni memar tikib" kimi Sarkisyançı eyforiyada xumarlanmaqdansa, Ermənistana konkret başa salmaq lazımdlr ki, Zəngəzur dəhlizi İrəvan və təhlükəsiz işləməsə Şimal-Cənub marşrutina yüklənmiş hind mallarını Ermənistan tam şəkildə heç vaxt ala bilməyəcək...
Göründüyü kimi, Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilata üzv ölkələrdən heç də kiçik olmayan təqdimatlar edir. Mərkəzi Asiya ölkələri də öz növbələrində KTMT-də müttəfiqlik təəssübkeşliyinin dar çərçivəsinin girovluğunda qalmamalı, sərbəst davranışlara üstünlük verməlidirlər. İndi Azərbaycanın sayəsində elə əməkdaşlıq perspektivləri açılır ki, bunların naminə Mərkəzi Asiya ölkələri ŞƏT-in və KTMT üzrə müttəfiqlərinin maraqlarını balans etməkdən çəkinməməlidirlər. Bütün bunlar həm də o deməkdir ki, Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı böyük reallıqlardan biri olan Zəngəzur dəhlizi ŞƏT sistemində səmərəli əməkdaşlıq istiqamətlərini şaxələndirən çox güclü elementə çevrilir...