Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin hesabatı qəbul edilib
19-sen-2022Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilib.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib:
1.Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.
2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.
3. “Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Gündəliyə daxil olan birinci məsələ barədə komitə sədri Fəzail İbrahimli məlumat verib və Hesabat məqbul hesab edilib və deputatlar hesabata müsbət rəy veriblər.
Komitə sədri ikinci məsələ barədə bildirib ki, komitədə payız sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi daxildir.
Daha sonra komitənin iş planına bir sıra tədbirlərin, dinləmələrin keçirilməsi daxildir.
Komitədə payız sessiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai dinləmə keçirilməsi və QHT-lərin və dini qurumların rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Deputatların müzakirəsindən sonra komitənin iş planı qəbul edilib.
“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik isə vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.