Bu gün:
Xezer.info » Siyasət » Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər ikili standartların hələ də mövcudluğunun təsdiqidir - Səttar Möhbalıyev

Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər ikili standartların hələ də mövcudluğunun təsdiqidir - Səttar Möhbalıyev


Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər ikili standartların hələ də mövcudluğunun təsdiqidir - Səttar Möhbalıyev
“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər həm təəccüb, həm də təəssüf doğurur. Təcrübəli bir siyasətçinin, həm də Nümayəndələr Palatası kimi öz ölkəsində nüfuzlu bir qurumun rəhbərinin kimlərinsə təsiri altına düşərək reallıqdan uzaq, qərəz dolu açıqlamalar verməsi son dərəcə təəccüblüdür. Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddə təcavüzkar dövlət tərəfindən törədilən hərbi təxribatı daim sülh çağırışları ilə çıxış edən Azərbaycanın üzərinə qoymaq, qeyri-obyektiv və birtərəfli mövqe sərgiləmək hələ də davam edən ikili standartların təzahürüdür”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

“Xanım siyasətçi məgər 30 il davam edən Ermənistanın işğalından xəbərsiz idi?! Ortada BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. Niyə bir dəfə də olsun səsini çıxarmadı, bir milyondan artıq azərbaycanlı məcburi köçkünün üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı bəyanat vermədi. Bəs dünyanın gözü qarşısında uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlayan, soyqırımıları törədən, sakinləri öz ata-baba yurdundan didərgin salan, şəhərləri və kəndləri məhv edən, tarixi-mədəni və dini abidələri dağıdan, təhqir edən terrorçu bir dövlətin hansı sözlərinə, görəsən, xanım Nensi Pelosi inanıb ki, Azərbaycan əleyhinə belə fikirlər səsləndirir”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri qeyd edib ki, bu gün bütün dünya xəbardardır və görür ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə abadlıq-quruculuq işləri aparır, uzun illər hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən gəlini edir: “Ermənistan isə öz dəyişməz xain xislətinə uyğun olaraq prosesi ləngitməyə çalışır, son illər Ermənistanda istehsal olunan minalarla terror törədir, silahlı təxribatlara əl atır. Bu cür reallıqlar ortada ola-ola Ermənistanı sülhə dəvət edən, münasibətlərin normallaşmasına çalışan, regionda davamlı sabitliyin və təhlükəsizliyin təmini üçün səylər göstərən bir dövlətin üstünə böhtan atmaq, ünvanına xoşagəlməz ittihamlar səsləndirmək ən azı ədalətsizlikdir”.

S.Möhbalıyev əlavə edib ki, ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri öncəsi erməni lobbisini öz tərəfinə çəkmək üçün iki ölkə arasında münasibətlərin düzəlməsinə mane olacaq, Ermənistanda revanşist dairələrin əl-qolunu açacaq, sülh və təhlükəsizliyi təhdid edəcək belə bir qeyri-obyektiv bəyanatın səsləndirməsi təcrübəli siyasətçiyə yaraşmaz və bunun Nensi Pelosinin şəxsi nüfuzuna və siyasi imicinə xələl gətirəcəyi sözsüzdür.