Bu gün:
Xezer.info » Siyasət » CAREC Orta Dəhlizin inkişafı üzrə Azərbaycanla işləməyə hazırdır - Direktor

CAREC Orta Dəhlizin inkişafı üzrə Azərbaycanla işləməyə hazırdır - Direktor


CAREC Orta Dəhlizin inkişafı üzrə Azərbaycanla işləməyə hazırdır - Direktor
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı yaxın gələcəkdə Azərbaycanla bir sıra təşəbbüslər üzərində işləməyi səbirsizliklə gözləyir.

Bunu Trend-ə CAREC İnstitutunun direktoru Seyid Şakil Şah deyib.

"Biz COVID-19 pandemiyası zamanı Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq etmişik. Bundan əlavə, biz Azərbaycanı koronavirusun yaratdığı çağırışlara cavab tədbirləri ilə bağlı hesabatımıza daxil etmişik. Biz həmçinin ТРАСЕКА Komissiyası ilə ticarət yollarının fəaliyyətinin inkişafı üzrə işləyirik”, - deyə o bildirib.

CAREC ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlara gəlincə, institutun direktoru bir sıra layihələri diqqətə çatdırıb.

"İndi biz Orta Dəhlizlə bağlı imkanları araşdırmaq barədə ciddi düşünürük. Bu nəqliyyat marşrutu Çini Avropa ilə birbaşa əlaqələndirmək baxımından son dərəcə dəyərlidir. Bu gün biz artıq onun faydalarını görürük. CAREC marşrut boyunca bütün prosesin rəqəmsallaşdırılması təklifi üzərində işləmək istəyir ki, bu da ticarət axınının daha sürətli olması ilə nəticələnər. Bu, əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - deyə Seyid Şakil Şah bildirib.

Onun sözlərinə görə, enerji sektoru Azərbaycanla əməkdaşlıq üçün digər perspektivli sahədir.

"Azərbaycan yanacaq ixrac edən ölkədir. CAREC proqramı neft və qaz kəmərləri, eləcə də elektrik şəbəkələri üçün regional enerji sistemlərinin yaradılması üzərində işləməyə hazırdır. Enerji sahəsinə investisiyaların artması ilə Azərbaycanın sektorunda bu sistemlərin yaradılması bu gün gördüyümüz enerji sarsıntıları zamanı region ölkələri üçün təminat rolunu oynaya bilər”, - deyə Seyid Şakil Şah bildirib.

O əlavə edib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Elmi və İqtisadi Tədqiqatlar İnstitutu ilə anlaşma memorandumu imzalandıqdan sonra CAREC gələn il institutla Azərbaycan hökumətinin tələblərinə cavab verəcək birgə tədqiqat məhsulu hazırlamağı planlaşdırır.