Bu gün:
Xezer.info » Cəmiyyət » 2011-ci ildə şirkət alanda 125 kiloqram pul vermişəm - "Baku Still Company"-nin həbsdə olan rəhbəri

2011-ci ildə şirkət alanda 125 kiloqram pul vermişəm - "Baku Still Company"-nin həbsdə olan rəhbəri


2011-ci ildə şirkət alanda 125 kiloqram pul vermişəm - "Baku Still Company"-nin həbsdə olan rəhbəri
Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri etiraz edib. Bildiriblər ki, təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov həbsdə olduğu üçün məhkəmə iclası təxirə salınsın. Hakimlər deyib ki, digər vəkillərin iştirakı ilə proses davam edə bilər.

Daha sonra vəkillərin suallarını cavablandıran təqsirləndirilən şəxs Rasim Məmmədov bildirib ki, əvvəllər "Azəri-Çıraq-Günəşli" yatağında idarə rəisi olub və kifayət qədər gəlir əldə edib.

"Orada idarə rəisi olan yeganə azərbaycanlı mən idim. Gəlirim, "Baku Still Company"-ni almağa imkanım var idi. O vaxt bp-nin nəqliyyat, yemək, insan və yük daşımalarını mənim şirkətlərim həyata keçirirdi. Buna görə də kifayət qədər pulum var idi. 500 min qazancım olurdu. Hörmətli hakim, bu arada mən ilk milyonumu 26 yaşımda qazanmışam. "Baku Still Company" şirkətini aldım. Bundan başqa, digər bir şirkətdən isə əldə olunan 53 milyon manatlıq gəlirin 25 faizi mənə qalmışdı. 2011-ci ildə həmin şirkəti tam aldım. 12,5 milyon manatı aeroportda həmin şirkətin nümayəndələrinə verdim. 4-5 kisə pul idi, bu da 125 kiloqram edirdi”, - o deyib.

R.Məmmədov sualları cavablandırarkən şirkətin rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiklərini deyib: “Şirkət 10 ildə 220 milyon manat qazanc əldə edib. Talama varsa, qazanc necə ola bilər? “Baku Steel Company”-də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçir. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi. Və orada nüfuzlu adamların qohumları çalışır. Yeyinti olsa, gizlətmək mümkün olmazdı. Mənə deyirlər metalı baha qiymətə almısan, tonunu 450 manata almışam da. Bu gün “Baku Steel Company” 520 manata alır”.

Hakimlər R.Məmmədovdan şirkətin hansı formada fəaliyyət göstərdiyini izah etməsini istəyiblər. İş adamı deyib ki, metalı baha qiymətə almaq vacib deyildi, əsas olan çox mal almaq idi: “Soba onsuz da işləyirdi. 20 min ton da olsa, 50 min ton da olsa qoşurduq. İşçi səhərdən axşama kimi otursa da, eyni maaşı alırdı, bütün gün işləsə də. Ona görə bizə vacib idi ki, metalı baha alsaq da, sobaya daha çox mal ataq. Beləcə, işıqpulundan, işçi maaşından qənaət etmiş olurduq”.

Növbəti suala cavab olaraq iş adamı deyib ki, onun dəftərdə qeyd etdiyi 60 milyon manat özünə məxsusdur: “O pul öz pulumdur. Çünki şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada pul silmək mümkün deyil. İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pul ödətdiriblər mənə.

2015-ci ildə bir İtaliya şirkəti ilə 1,2 milyard manatlıq müqavilə bağladıq. Amma sonradan iş alınmadı. Bizdən armatur almaq istəyən xarici şirkətlər deyirdilər ki, malı 750 manata alacağıq. Amma sənəddə 1000 manat göstərin. Yerdə qalan pulu da “otkat” kimi geri qaytarırdıq. Oradan hər hansı qazancımız olmayıb. Yəni xarici satışdan 60 milyon manat qazanc əldə etməyimiz doğru deyil”.

R.Məmmədovun vəkilləri deyib ki, Dövlət Gömrük Komitəsindən rəsmi sorğu verərək “Baku Steel Company”-nin xarici satışları ilə bağlı bütün məlumatları alıblar. Həmin məlumatlar məhkəməyə təqdim edilib.

Proses 19 sentyabrda davam etdiriləcək.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.