Bu gün:
Xezer.info » Siyasət » Paşinyan Səmərqəndə getsəydi, nə olardı? - Poqosyan

Paşinyan Səmərqəndə getsəydi, nə olardı? - Poqosyan


Paşinyan Səmərqəndə getsəydi, nə olardı? - Poqosyan
Ermənistan Baş naziri Nikol Paşinyanın sərhəddəki gərginliyi və daxili vəziyyəti bəhanə edərək, Səmərqənddə keçirilən ŞƏT sammitindən imtina etməsi birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, erməni ekspertlər bunu Paşinyanın növbəti fürsəti qaçırması, Prezident İlham Əliyevlə masadan yayınması və qorxaqlıq kimi dəyərləndirirlər.

Bir çoxunun fikrincə, Səmərqənddə Ərdoğan, Putin, Əliyev və Paşinyanın hansısa formatda kontaktı ola bilərdi və bu da sərhəddəki insidentin açıq müzakirəsinə imkan yaradardı. Paşinyan bu səfərdən imtina etməklə, faktiki olaraq Azərbaycan liderinə alternativsiz informasiya vermək imkanı qazandırıb.

Həmçinin, İlham Əliyevin görüşlərinin əhatə dairəsi – xüsusilə Rusiya, Çin və Pakistan liderləri ilə birbaşa görüşünün çox mühüm olduğu, Paşinyanın bu şansı qaçırmasının qətiyyən düzgün olmadığı bildirilir.

“Birqütblü dünyanın sonunun yaxınlaşması faktdır və artıq ŞƏT də bunu təsdiqlədi” deyən erməni ekspert Beniamin Poqosyan “digər qütblərlə” əlaqənin vacibliyindən bəhs edib:

“Baş nazir Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində KTMT ölkələrinin liderləri ilə görüşü çətin ki, onların Ermənistan-Azərbaycan sərhədində son insidentlə bağlı mövqeyinə təsir göstərəydi. Buna baxmayaraq, Paşinyanın ŞƏT sammitində iştirakı onun müzakirə mövzusuna çevrilməsinə imkan verərdi”.

O bildirib ki, sammitdə birqütblülük bitdikdən sonra dünyanın necə olacağı, orada hansı mexanizmlərin işləyəcəyi, hansı imkanların açılacağı kimi suallar müzakirə olunub:

“Ermənistanın ŞƏT-də “dialoq üzrə tərəfdaş” status var, bu baxımdan Paşinyanın bu sammitdə iştirakı doğru olardı. Paşinyan heç olmasa ŞƏT-in (“ikinci qütbün” – red.) uzunmüddətli planları haqda məlumatlanardı”.