Professor Məmməd Əliyev barədə bir neçə söz
16-sen-2022Tarixən bütün müdriklər, Tanrı elçiləri, müqəddəs kitablar insanı yaradılanların alisi hesab ediblər. Bunun səbəbi isə insanın onu digər məxluqlardan fərqləndirən ümdə dəyərlərə, keyfiyyətlərə sahib olmasıdır. Buraya onun düşüncəsi, şüuru, gözəl əxlaqı, səlis nitqi, cəmiyyət üçün faydalı çalışmaları daxildir.
Əlbəttə, yaşadığımız dünyada bunun əksini sübut etməyə çalışan insan cildində görünənlər də az deyil. Lakin ulu ozanımız Dədə Qorqudun müdrik kəlamında dünyaya verdiyi tərif də düşündürücüdür: “Gəlimli gedimli dünya, son ucu ölümlü dünya”.
Bəli, bu fani dünyadan milyardlarla insan gəlib keçsə də, onlardan çox az bir qism bütün bəşəriyyət tərəfindən hörmətlə xatılanır, müəyyən bir qisim öz toplumu tərəfindən yad edilir, ailəsi, dostları, çevrəsi tərəfindən sevilir, illərlə ya edilir. Bu siyahıda öndə gedənlər təbii ki, cəmiyyətə faydası dəymiş, onu inkişafa aparmış, ona yeni nəfəs vermiş alimlər, müəllimlər, yazıçılar, hərbçilər, həkimlər, dövlət adamları və s. olur.
Alimi və müəllimi təsadüfən öndə yazmadıq. Hətta müqəddəs dinimizdə belə alimə, elmlə məşğul olan şəxslərə çox yüksək qiymət verilir.
Tarix boyu millətimiz də müəllimlərini başının tacı edib, onlara xüsusi dəyər və hörmət göstərib. Bu mənada professor, fəlsəfə elmləri doktoru, uzun müddət Bakı Slavyan Universitetində, hazırda isə Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyətlə məşğul olan, minlərlə tələbənin gəlib keçdiyi dərs auditoriyasını özünə qərargah seçən Məmməd Əliyevi qeyd etmək yerinə düşər.
60 illik ömründə cəmiyyətə, insanlara verdiyi töhfəni göz önünə gətirmək kifayətdir ki, hörmətli professorun cəmiyyətimiz üçün önəmini anlayasan. Məmməd müəllim hər zaman öz elmi məqalə, monoqrafiya, məruzələri ilə Azərbaycan elminin inkişafına töhfə verən dəyərli alim kimi bu sahədə öz izini qoymaqdadır.
Öyrəndiklərini səbirlə və peşəkarlıqla tələbələrinə öyrədən, biliklərini onlara ötürən professor təcrübəli pedaqoq kimi onun mühazirələrini dinləmiş, ondan öyrənmiş gənclərin yaddaşında silinməz izlər qoyur.
Professor Məmməd Əliyev həm də peşəkar elm və təhsil təşkilatçısıdır. O uzun müddət Azərbaycan Dillər Universitetində, Azərbaycan Slavyan Universitetində prorektor kimi, təhsil təşkilatçısı kimi özü sözünü deyə bilmişdir.
Professor Məmməd Əliyev bugün öz fəaliyyətini AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) baş direktor kimi məsul və çətin bir işdə çalışmaqla davam etdirir. Kitabxanaçılıq, kitabxana kimi məsuliyyət tələb edən quruma rəhbərlik etmək təşəbbüskarlıq və eyni zamanda bir az da mühafizəkarlıq tələb edir. Çünki kitabxana millət, cəmiyyət üçün vacib hesab edilən mədəniyyət, elm, mütaliə mərkəzidir. Məmməd müəllimdə bu keyfiyyətlər cəmləşmişdir desək, yanılmarıq.
Adətən rəhbərə xas olan zəhm, tələbkarlıq xüsusiyyətlərini müşahidə etsək də, kövrək insan olması da heç kəsin diqqətindən yayınmamışdır. Məmməd Əliyev öz yeni yaşını onu sevənlərin, kollektivin “Mamed müəllim” kimi tanıdığı, çağırdığı, hörmət etdiyi mehriban mühit daxilində qeyd edir.
Hər kəs bilir ki, MEK-də rəhbər olduğu dövrdə kitabxananın inkişafı, onun Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə töhfələr verməsi üçün kollektivi səfərbər edərək çalışan Məmməd Əliyev iş prosesində tələbkarlığı, fasilədə, işdən kənar vaxtlarda zaraftcıllığı, qayğıkeşliyi ilə seçilən rəhbərdir.
Kollektivə, onun hər bir üzvünə diqqət göstərməyə çalışan professor xüsusi qayğını gənclərə göstərir. Onları MEK-də çalışmaqla yanaşı elmə, təhsilini artırmağa səsləyən professor bu istiqamətdə öz məsləhət, təklif və tövsiyyələrini əsirgəmir. Əməkdaşların sevincinə də, kədərinə də şərik olmağa çalışan professor Məmməd Əliyev 60 illik yubileyini bu cür gözəl hisslərlə xidmətlərlə qarşılayır.
Fürsətdən istifadə edərək, 60 illik yubileyində biz də onun sevincini bölüşür, yubileyini təbrik edir, yeni yaradıcılıq uğurları, can sağlığı, nəvə-nəticə şıltaqlıqlarını könül xoşluğu ilə görməsini arzulayırıq.