Şəhid ailələrinin kədəri hamımızın kədərdir - Mübariz İbrahimovun atası
16-sen-2022“Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədimizin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən igid oğullarımızın qəhrəmancasına şəhid olması bizi dərindən sarsıdır. Hər bir şəhidimizin ailə üzvlərinin, valideyinlərinin dərdinə şərik çıxır, ulu yaradandan onlara səbir diləyirik. Şəhid ailələrinin kədəri hamımızın kədərdir...”
“İki sahil” “Bilesuvarinfo”ya istinadla xəbər verir ki, bu sözləri Milli Qəhrəman Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimov deyib.
O bildirib ki, xalqımız dünyanın 30 il göz yumduğu ədalətsizliklə barışmayaraq, yüzlərlə qəhrəman övladlarının qanı bahasına öz haqqına sahib çıxdı: “Düşmən məğlubiyyətini qəbul etdi, kapitulyasiya aktını imzaladı. Ancaq az qala iki il olsun, ermənilər üzərinə düşən öhdəliyə əməl etmir, yenə qarşıdurmaya səbəb olur. Ən sonda sərhəddə törətdiyi təxribata igid əsgərlərimiz qətiyyət nümayiş etdirib, onlara sarsıdıcı zərbələr vurub, ciddi itkilərlə geri otuzdurub, kifayət qədər geniş hakim yüksəkliklərə sahib çıxıb. Düşmənlərimiz və onların havadarları, qol-qanad verənləri bilməlidir ki, biz bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşib, torpaqlarımızın bütövlüyü uğurunda hər an mübarizəyə hazırıq”.