Bu gün:
Xezer.info » Köşə yazıları » Bu, xəyanət deyil, bəs nədir?

Bu, xəyanət deyil, bəs nədir?


Bu, xəyanət deyil, bəs nədir?
“Azərbaycanın gündən-günə artan qüdrəti, beynəlxalq nüfuzu, praqmatik və müstəqil siyasəti, problemlərini təkbaşına və rasional qaydada həll etməsi bir sıra xarici anti-Azərbaycan dairələrdə, onların ölkəmizdəki əl altılarında, daha dəqiq desək, “beşinci kolon”da ciddi narahatlıq yaradır. Məhz elə buna görədir ki, onlar hər fürsət düşəndə ölkə daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət və hakimiyyət əleyhinə çağırışlar etməyə, “vətənpərvərlik” donuna bürünərək “timsah göz yaşı” axıtmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Biz bunu özünə real müxalifət deyən, əslində isə çoxdan tarixin zibilliyinə atılmış radikal, dağıdıcı antimilli ünsürlər, anti-Azərbaycan qüvvələrin nökərləri olan AXCP-nin sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, Qubad İbadoğlunun, intiriqabazlıqda ad çıxarmış Gültəkin Hacıbəylinin, psevdotarixçi Altay Göyüşovun, adlarını jurnalist qoysalar da, bu şərəfli peşəyə yamaq olan Qənimət Zahidin, Sevinc Osmanqızının və başqalarının həm 44 günlük Vətən müharibəsi dönəmində, həm də bu günlərdə Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və misilsiz qəhrəmanlıqla həyata keçirdiyi “Qətiyyətli cavab” hərbi əməliyyatından sonra xain əməllərində gördük”.

Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, əvvəllər yuxarıda adları çəkilən bu xəyanət simvolları özlərinin antimilli əməllərini nisbətən, necə deyərlər, kamuflyajlı formada davam etdirirdilərsə, bu dəfə artıq açıq şəkildə ermənilərə “vəkillik” etmələri, hətta utanıb-qızarmadan Azərbaycanı təcavüzdə suçlamaları ilə özlərinin əsl simasızlıqlarını ortaya qoydular: “Təsəvvür edin ki, hər fürsətdə özlərini millətçi, demokrat, vətənpərvər adlandıran bu antimilli ünsürlər iddia edirlər ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərinə hərbi təcavüz edib. Təsəvvürə gətirmək belə çətindir ki, adını azərbaycanlı qoyasan, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olasan və belə bir sərsəm fikir səsləndirəsən. Bu, xəyanət deyil, bəs nədir? Yeri gəldi, gəlmədi xalq, millət, torpaq, Vətən deyib bağıran Əli Kərimli görün nə deyir: “Azərbaycan geri çəkilsin və Paşinyan da hakimiyyətdə qalsın”. Belə bir anormal, xəstə təfəkkürün məhsulu olan fikir səsləndirən Əli Kərimli əslində bu absurd sərsəmləmələri ilə özünün əsl simasızlığını ortaya qoyur. “Paşinyanlara, koçaryanlara, sarkisyanlara və digər “yanlar”a sevgisini açıq büruzə verən bu xəyanətkar antimilli ünsürdən soruşmaq lazımdır: Məgər sən Ermənistan vətəndaşısan ki, belə sərsəm fikir söyləyirsən? Təbii ki, Ermənistan vətəndaşı deyilsən, amma bu absurd fikirlərinlə növbəti dəfə sübut edirsən ki, Paşinyanın Azərbaycandakı qeyri-rəsmi nümayəndəsisən. Ümumiyyətlə, bu məqamda aydın görünür ki, Əli Kərimli və onun trol dəstəsi kimlər üçün işləyir.

Yaxud da ki, Müsavat başqanı Arif Hacılının dediklərinə fikir verin. Bu siyasət dəllalı deyir ki, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır”. Bax, siz dövləti belə idarə etdiyiniz üçün 1992-1993-cü illərdə Azərbaycana bu gün də ağrısını çəkdiyimiz problemlər yaşatmısınız. Bu qafasızlıqla Azərbaycan dövlətinə və xalqına elə zərbələr vurmusunuz ki, hələ də yeri göynəyir. Və ya özünü cəmiyyətə tarixçi alim kimi sırıyan Altay Göyüşovun “Zəngəzur bizə lazım deyil” sərsəmləməsinə diqqət yetirək. Bu fikri yalnız mənsub olduğu xalqa, vətəndaşı olduğu ölkəyə nifrət edən ünsür deyə bilər. Axı, sən satqın, xain də olsan, tarixçi olduğunu iddia edirsən. Axı, sən bugünkü Ermənistan dövlətinin hansı torpaqlarda və necə yaradıldığını bilməlisən. Məhz bu fakta söykənib fikir söyləməlisən. Ümumiyyətlə, radikal qrupda birləşmiş bu antimillilərin hər biri bu cür düşünür. Məsələn, Sevinc Osmanqızı canlı efirdə azərbaycanlıları xuliqan-bandit adlandırır, “o yüksəkliklər nəyimizə lazımdır” deyir, cəbhəçi trollar sosial şəbəkələrdə “tüpürüm dəhlizə” yazırlar, hazırda Almaniyada gizlənən və adını “siyasi bloqger” qoyan Tural Sadıqlı Azərbaycanın Ermənistanı işğal etməsindən bəhs edir, Fransadakı AXCP üzvü Məhəmməd Mirzəli Azərbaycana sanksiya tətbiq etməyə çağırışlar edir və s. Bütün bunlar bir daha xaricdə Azərbaycanın haqq işinə, milli dövlətçilik maraqlarına qarşı formalaşmış xəyanətkar dəstənin mövcudluğundan xəbər verir.

Görün həyasızlıqları hansı həddə çatıb ki, bu xəyanətkar ünsürlər dövləti, hakimiyyəti ittiham etməklə kifayətlənmir, hətta canlarını Vətən yolunda qurban vermiş şəhidlərə, onların ailələrinə, qazilərə, Vətən müharibəsi veteranlarına belə çamur atır, yaramaz fikirləri, hərəkətləri ilə onları təhqir edirlər. Məhz bütün bu sadaladığımız və sadalaya bilmədiyimiz yaramaz əməllərinə görə onların adekvat cavabı dərhal və qətiyyətli şəkildə verilməlidir. Azərbaycandakı radikal müxalifət və bu xəstə təfəkkürlü başıpozuq dəstənin Avropadakı və ABŞ-dakı uzantıları şəhidlərimizin ruhunu təhqir etdiklərinə, müstəqil dövlətimizin milli maraqlarına zərbə vurmağa çalışdıqlarına, təcavüzkar Ermənistanın müdafiəsinə qalxdıqlarına görə mütləq hüquqi müstəvidə cəzalandırılmalıdırlar”.