Bu gün:
Xezer.info » Siyasət » 104 il öncə Bakının düşməndən azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir - ŞƏRH

104 il öncə Bakının düşməndən azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir - ŞƏRH


104 il öncə Bakının düşməndən azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir - ŞƏRH
15 sentyabr - Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Çünki 104 il öncə türk qardaşlarımızın dəstəyi ilə belə bir zəfəri yaşadıq.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 104 il əvvəl 15 sentyabr tarixində necə ki, türk qardaşlarımız Bakını erməni-bolşevik işğalından azad etməkdə bizə kömək etdisə, bu gün də bizim haqq davamızda hər daim yanımızdadırlar.

“1918-ci il 15 sentyabr tarixində Azərbaycan Cümhuriyyəti üçün olduqca ağır bir dönəm idi. Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Nəticədə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Həmin tarixdən 104 il keçsə də bu gün biz yenə qardaşlarımızı ən çətin anda yanımızda görürük. Türkiyə-Azərbaycan qardaşlığı iki ölkə liderinin səyi nəticəsində elə bir həddə çatıb ki, dünyada ikinci bir belə qardaşlıq münasibəti olan dövlət göstərmək olmaz. Türk dünyasının parlaq liderləri və görkəmli şəxsiyyətləri kimi dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri digər türk dövlətləri üçün də bir nümunəyə çevrilməlidir. Çünki türkün türkdən başqa dostu yoxdur. Əbləttə son baş verən hadisələr zamanı da qardaş Türkiyə yanımızda olduğunu bildirdi. Əlbəttə Türkiyənin Azərbaycanın yanında olmasını bütün dünyaya nümayiş etdiməsi Azərbaycanın da beynəlxalq müstəvidə əlinin güclənməsinə səbəb olur”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gəlməsi və daşnakların ölkəmizə qarşı təcavüzünün qarşısının alınması, eyni zamanda, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlıların maddi və mənəvi yardım göstərmələri iki ölkə arasında münasibətlərin tarixən dostluq və qardaşlıq, qarşılıqlı inam və etimad əsasında formalaşdığını aydın şəkildə göstərir.

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. “Həm çətin gündə, həm xoş gündə Türkiyə və Azərbaycan bir-birinin yanında olub. İki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır. Dünyada bir çox qardaş xalqlar olsa da, belə münasibətləri olan dövlətlər mövcud deyil.

Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx münasibətdə olmasına xidmət edən addımlar atıblar”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

“Tarixi Zəfəri ilə yeni reallıqlar yaratmaqla ölkəmiz regionun ən vacib aktorlarından birinə çevrilib. Bunun fonunda Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına səbəb oldu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb. Eyni zamanda, qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyada sözünü deyən ölkələrdən birinə çevrilib. Hazırda hər iki ölkədə bütün sahələrdə inkişaf müşahidə olunur”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları müstəqil və milli maraqlara xidmət edən siyasət yürüdərək öz dövlətlərinin inkişaf etməsinə tövfələrini verirlər. Eyni zamanda, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibəti təkcə iki ölkə arasında deyil, bütün türk dünyasında əlaqələrin inkişaf etməsinə böyük töhfə verib.