Dünənə qədər dövləti qətiyyətsizlikdə qınayanlar bu gün onu qətiyyətli olmaqda günahlandırırlar. Müxtəlif antimilli layihələrdə baş rol almaq üçün cidd-cəhd göstərənlər reallıq hissindən o qədər uzaq düşüblər ki, artıq mübarizələrinin predmetini belə itiriblər: nə olur olsun hakimiyyətə müxalif olmaq, qazanılmış bütün nailiyyətləri qaralamaq. Bu şəxslər 30 illik qanlı münaqişə dövründə və torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız ədalətli müharibə zamanı belə "No War” qrupu yaradaraq haqq işimizə qarşı çıxırdı.
Qazandığımız ardıcıl uğurlar isə onları daha çox qıcıqlandırır. Ermənistanın təxribatlarına cavab olaraq sərhəddə aparılmış son əməliyyatlar nəticəsində Müzəffər Ordumuz sərhədboyu yüksəklikləri nəzarətə götürüb, Ermənistanın nəqliyyat kommunikasiya qovşağını nəzarət altına alıb, Azərbaycanın ərazi bütövlüyünə təhdid yarada biləcək bütün infrastrukturu məhv edilib. Amma onlar bu nailiyyətlərə bütün azərbaycanlılar kimi sevinmir, əvəzinə hakimiyyəti tənqid edirlər, nədəsə günahlandırmağa çalışırlar.
Dünənə qədər dərdimiz – işğal olunmuş torpaqlar, qanı yerdə qalmış şəhidlərimiz, öz torpaqlarında didərgin salınmış 1 milyondan artıq həmvətənimiz, tapdalanmış ləyaqət idi. Bu dərd içimizi yeyirdi. Qarabağ yarası 30 il qanadı. Heç kim bizə kömək etmədi, itirdiyimiz torpaqları qaytarmadı, haqqımızı tanımadı. Qarabağ düyününun açarının olmadığını və ya çox böyük güclərin əlində olduğunu söylədilər. Bir sözlə, bu rəzaləti qəbul edin, alçalın dedilər...
Lakin xalqımızın qürurunu sındıra bilmədilər. Nicat yolumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmək, bir yumruğa çevrilib vahid nöqtəyə vurmaq oldu. Məhz LIDERƏ inam xalqımızı əfsanəvi qələbəyə qovuşdurdu. Biz QƏLƏBƏ çaldıq!
Hazırda tarixi məsuliyyət dövrünü yaşayırıq, səhv edə bilmərik. Xarici və daxili düşmən qüvvələrin təsiri ilə yanlış cığır qazanlar xalq və vətən anlayışlarını çoxdan unudublar. Dünənə qədər işğal olunmuş torpaqlar uğrunda xalqı mübarizəyə səsləyənlərin bu gün Azərbaycanın suveren ərazilərinə yenidən qayıtmasına sevinməməsi və bu istiqamətdəki döyüşləri "işğal” adlandırması riyakarlığın ən yuxarı həddidir. Bu torpaqları bizə qaytarmadılar, onlar Ali Baş Komandanın zəkası və iradəsi, şəhidlərin qanı-canı bahasına, rəşadətli Ordumuzun gücü, mərd oğullarımızın döyüş meydanındakı əzmkarlığı hesabına qazanıldı. Düşmənin başı döyüş meydanında əzildi, 200 illik rəzalətə son qoyuldu, xalqımıza qarşı edilən çirkin cinayətlərə nəhayət cavab verildi.
Vətən öz şəhidlərinə ağladığı bir zamanda Ordumuzun qanla qazanılan qələbəsinə sevinmək əvəzinə ictimai fikri çaşdırmaq istəyən və bu yolda görünməz canfəşanlıq göstərənlər, nədən narahatsınız? Məqsədiniz nədir? Müxtəlif siyasi cinahlarda təmsil olunmaq, fərqli fikir və düşüncəni daşımaq hər bir demokratik cəmiyyətdə şəxsin fundamental hüququdur. Fikir müxtəlifliyi və siyasi plüralizm Azərbaycanda prinsipial olaraq qorunur. Siyasi hakimiyyətə müxalif olmaq normal sayıla bilər. Lakin VƏTƏNƏ, XALQA, DÖVLƏTƏ müxalif olmaq qəbuledilməzdir. Ərazilərimizin işğaldan azad olunması, vətəndaşlarımızın öz yurd yuvalarına dönməsi, gələcək nəsillərin təhlükəsizliyinin artıq təmin olunması - şərəfli əsgər və zabit mundirini geyinib Vətən torpaqları uğrunda döyüşə yollanan oğullarımızın tək amalıdır. Onlar bu yolda "öldü var, döndü yox” deyiblər, öz canlarından keçiblər, bir qarış belə torpağımızı düşmənə verməyəcəklərinə and içiblər, çünki söhbət Azərbaycandan gedir. Əziz, doğma, canımızdan çox sevdiyimiz, ümumi evimiz, ata yurdumuz, babalarımızın bizə əmanəti!
Qələbəmizə sevinmək əvəzinə, onu aşağılayanları görəndə təəccüblə soruşmaq istəyirsən "Sənin millətin nədir?” Bu vətən, bu torpaq, bu dövlət əbədidir, babalarımızdan bizə, bizdən övladlarımıza qalacaq. Vətənə müxalifətdə olub özünü "demokrat” hesab edənlərə demək istərdik, övladlarınız böyüyür, onlar sizdən fərqli siyasi düşüncə, fikir daşıyıcısı ola bilərlər və olacaqlar da - bu tamamilə normaldır. Bu gün üzərinə torpaq atdığınız Azərbaycan isə hamımızın vətəni, ata yurdudur.
Bu ünsürlərin fəallaşdığı bir dönəmdə daha da həmrəy olmalıyıq, çirkin təbliğatı neytrallaşdırmaq üçün gücümüzü və səylərimizi əsirgəməməliyik. Dövlət maraqlarının qorunması bu gün hər birimizin ictimai məsuliyyətidir.