2022-ci il 13 sentyabr tarixində Moskva şəhərində "Avropa və Asiyada hüquq və iqtisadiyyatın aktual problemləri” V Beynəlxalq Hüquq Forumu öz işinə başlayıb.
Hüquqşünas və İqtisadçıların Beynəlxalq Alyansı (Fransa) və Rusiya Federasiyasının O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin təşkilatçılığı ilə "Qlobal iqlim dəyişikliyi və rəqəmsallaşma kontekstində hüquq, iqtisadiyyat və beynəlxalq humanitar əməkdaşlığın inkişafı” mövzusunda hibrid formatda keçirilən tədbirdə Azərbaycan, Almaniya, Böyük Britaniya, Çin, Hindistan, Fransa, İsveçrə, İtaliya, Polşa, Rusiya və Slovakiyanı təmsil edən 300 nəfərdən çox nümayəndələr iştirak edir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Forumun "Qlobal iqtisadi və sosial dəyişikliklər dövründə Avrasiyada əqli mülkiyyətin hüquqi tənzimlənməsinin yeni istiqamətləri” adlı panel müzakirələrinə onlayn rejimdə qoşularaq "Müasir şəraitdə əqli mülkiyyət hüququnun təkamülü və əqli mülkiyyət ofislərinin vəzifələri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konseptual problemlərə toxunan K.Imanov əqli mülkiyyətin (ƏM) müasir anlayışının və bu institutun fəaliyyətinin onun ənənəvi qavrayışından əhəmiyyətli dərəcədə fərqli kontekstdə baş verdiyini, bunun cəmiyyətdəki mövcud ƏM landşaftına kardinal təsir edən və getdikcə bu təsiri artıran əhəmiyyətli texnoloji dəyişikliklərdən irəli gəldiyini bildirib. Qeyd edilib ki, müasir "ƏM" kateqoriyası öz tərifində yalnız fiziki və ya hüquqi şəxsin əqli fəaliyyət nəticələrinə (ƏFN) müstəsna hüquqlarını deyil, ilk növbədə, qorunma hüquqlarına malik ƏFN-nin özünü nəzərdə tutur.Bazarda tələb və təklif obyektləri kimi hüquqlar deyil, hüquqlara malik ƏFN-i çıxış edir. Bu obyektlər üzrə əməliyyatlarda bu hüquqların verilməsinin həcmi və şərtləri nəzərə alınır.Bu, ƏM institutunun emercentliyi, sinergetikasının sistemli anlayışıdır.
Patent hüququ ilə müəlliflik hüququnun qarşılıqlı əlaqəsinə toxunan K.İmanov çıxışında patent qanunvericiliyinin əsaslı modernləşdirilməsi və patentin alınması üçün iddia sənədlərinin dərcində müəllif hüquqlarının pozulmasına səbəb olan pozuntuların aradan qaldırılması ilə bağlı məsələləri xüsusi olaraq vurğulayıb.
K.İmanov Azərbaycan Prezidenti ilə Dünya İqtisadi Forumunun Prezidenti arasında 2020-ci ilin yanvarında imzalanmış Niyyət Protokolu və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli, 1245 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradılmasını qeyd edərək Agentliyin nümayəndəsinin də Mərkəzin Direktorlar Şurasının üzvü olduğunu diqqətə çatdırıb. O, daxili texnologiyaların inkişafınının stimullaşdırılması, ixtira fəallığınının artırılması, o cümlədən texnologiyaların transferi mexanizmlərinin formalaşdırılmasına dəstək məqsədilə Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradıldığını bildirib.
K.İmanovun çıxışı forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə keçirilən panel müzakirəsində Rusiya Federasiyasının Əqi Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin İqtisadi əməkdaşlıq departamentinin elmi-texniki əməkdaşlıq və innovasiya şöbəsinin müdiri Timur Mansurov, Rusiya və Avrasiya patent müvəkkili Yuriy Kuznetsov və Rusiya İqtisadi İnkişaf Nazirliyinin Avrasiya inteqrasiyası departamentinin direktoru Aleksey Dobkin çıxış ediblər.
Q.İvliyev Əqli Mülkiyyət Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılmasının təqdirəlayiq hal olduğunu qeyd edərək, əqli mülkiyyətin iqtisadiyyatda rolu ilə bağlı Avrasiya Patent Təşkilatının Agentliklə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
V Beynəlxalq Hüquq Forumu öz işini sentyabrın 16-dək davam etdirəcək.