Bu gün:
Xezer.info » Qarabağ » Azərbaycan Ermənistana 7 saatlıq unikal hərbi əməliyyatla heç vaxt unutmayacağı dərs verdi - İrəvanın təxribat planı iflasa uğradı

Azərbaycan Ermənistana 7 saatlıq unikal hərbi əməliyyatla heç vaxt unutmayacağı dərs verdi - İrəvanın təxribat planı iflasa uğradı


Azərbaycan Ermənistana 7 saatlıq unikal hərbi əməliyyatla heç vaxt unutmayacağı dərs verdi - İrəvanın təxribat planı iflasa uğradı
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribatın bədəlini ağır şəkildə ödədi. Ordumuzun ötən gecə İrəvanın tərxibatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib.

Ermənistana bu hərbi obyektləri bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır.

Həmçinin, Azərbaycan Ermənistanın həmin bölgədə yerləşən bütün nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəkliklərini nəzarətə götürüb. Həqiqətən də Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə müdaxiləsi İrəvana baha başa gəldi. Ermənistan ordusu son döyüşlərdə 200 nəfərə yaxın canlı qüvvə itirib. Bundan başqa, qarşı tərəfin çox sayda hərbi texnikası, 1 milyard dollardan artıq dəyəri olan iki S-300 raketi, xeyli hərbi obyekti və onlarla postu darmadağın edilib.

Azərbaycanın sərt cavab tədbirləri qarşısında çaşqın vəziyyətə düşən Ermənistan əsgərləri postları tərk edərək qaçıb. Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün açıqlamasa da, itkiləri Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur, yüzlərlə yaralısı var.

Azərbaycanın Silahlı Qüvvələri İrəvana elə bir zərbə vurub ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun müddət özünü toparlaya bilməyəcək.

Ümumilikdə son dövrlər Ermənistanı idarə edən siyasi qüvvələrin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlardan, hərbi ritorikadan aydın olurdu ki, Vətən Müharibəsindəki ağır məğlubiyyət İrəvana dərs olmayıb. Qarşı tərəfin siyasi və hərbi davranışları göstərirdi ki, Ermənistan revanşa, Azərbaycana hücuma hazırlaşır, hərbi əməliyyatlara start vermək fikrindədir. Təbii ki, qalib Azərbaycan Ordusu qətiyyətli cavab zərbələri ilə İrəvana heç vaxt unutmayacağı dərsi verdi.

Faktiki olaraq, Azərbaycan Ordusunun Ermənistana qarşı keçirdiyi 7 saatlıq unikal hərbi əməliyyat rəsmi İrəvanın gələcəkdə Bakıya qarşı planlaşdıracağı bütün təxribatların üstündən xətt çəkmiş oldu. İrəvana elə bir dərs verildi ki, Ermənistan nə indi, nə də gələcəkdə Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Artıq rəsmi İrəvan anlamalıdır ki, hər hansı xarici gücə arxalanıb Azərbaycana qarşı təxribat hazırlamaq planı baş tutmur və bundan sonra da tutmayacaq.

Təbii ki, Azərbaycan bütün hərbi tədbirləri beyəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi və cavab tədbirləri zamanı Ermənistan əhalisinə, mülki infrastruktura heç bir ziyan vurulmadı.

Azərbaycan Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatla bir daha öz qüdrətini, döyüş hazırlığını həm qarşı tərəfə, həm də onun havadarlarına nümayiş etdirdi. Ordumuz dünyaya bir daha bəyan etdi ki, düşmənin bütün növ təxribatlarına adekvat cavab verməyə hər zaman hazırdır.