Bu gün:
Xezer.info » Siyasət » Ermənistanın öhdəliklərindən imtina cəhdi və Azərbaycanın sərt cavabı

Ermənistanın öhdəliklərindən imtina cəhdi və Azərbaycanın sərt cavabı


Ermənistanın öhdəliklərindən imtina cəhdi və Azərbaycanın sərt cavabı
Azərbaycanın Müdafiə Nazirliyi son dövrlər demək olar ki, hər gün Ermənistanla dövlət sərhədində atəşkəsin pozulması ilə bağlı məlumat yayırdı. Bir neçə halda Ermənistanın kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazisində sızma cəhdləri müəyyən edilib. Amma Azərbaycan Ordusunun sayıqlığı nəticəsində qarşı tərəfin hərbi təxribatı baş tutmayıb. Azərbaycan tərəfi Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə ermənilər tərəfindən basdırılan minaları təmizləməklə məşğul olduğu, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı halda, qarşı tərəfin diversiya qrupu ölkəmizin suveren sərhədlərini keçərək qəsdən mina basdırmağa çalışır.

Ötən gecə Ermənistan ordusu növbəti hərbi təxribata cəhd göstərib və nəticədə sərhədyanı Laçın və Kəlbəcər rayonları istiqamətində ciddi hərbi toqquşma baş verib. Azərbaycan Ordusu qarşı tərəfə ağır zərbə vurub, Ermənistan silahlı qüvvələrinin ciddi itki verdiyi bildirilir. Məlumata görə, Ermənistan tərəfi Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahlar, ağır artilleriya vasitələri və şəxsi heyət cəmləşdirməyə başlayıb.

İrəvanın öhdəlikləri və onlardan yayınma cəhdləri

Brüssel və Moskvada aparılan danışıqlar və formalaşdırılan sülh gündəliyi fonunda Azərbaycan-Ermənistan dövlət sərhədində, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində atəşkəsin intensiv şəkildə pozulması kövrək sülh prosesinin gələcəyi ilə bağlı suallar yaratmaya bilməz.

Görünən odur ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu kimi hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmağı hədəfləyir. Rəsmi İrəvan belə təxribatçı addımlarla 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

Bundan başqa, sərhəddə səngiməyən gərginlik Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrinin icrasına ciddi maneədir. Ermənistanın da məqsədlərindən biri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi yenidənqurma işlərinə mane olmaqdır. Həmçinin rəsmi İrəvan bu tipli təxribatlarla Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür.

İrəvan sülh prosesini pozmağa nə qədər cəhd göstərsə də, Azərbaycanla Ermənistan arasında silahların susması, xalqların sülhə hazırlanması üçün baza prinsipləri müəyyənləşdirilib və nüfuzlu beynəlxalq təşkilatlar, bölgədə maraqları olan dövlətlər prosesin rəsmi Bakının irəli sürdüyü 5 baza prinsipi əsasında aparılmasında maraqlıdır.

Azərbaycanın təklif etdiyi 5 baza prinsipi bunlardır:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması

Rəsmi İrəvan sülh müqaviləsinin Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında imzalana biləcəyini açıq şəkildə etiraf edib.

Ermənistanın təxribat xarakterli hərbi aktivliyinin xronologiyası göstərir ki, rəsmi İrəvan həm Brüssel, həm də Moskva görüşlərində üzərinə 5 baza prinsipinin icrası ilə bağlı öhdəliklər götürür, sonra öhdəliklərini icra etməmək üçün bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Məsələn, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra da dövlət sərhədində atəşkəsin intensiv şəkildə pozulduğuna, hətta ötən axşam baş vermiş hərbi gərginliyə şahidlik edirik.

Görünən odur ki, Ermənistan hələ də Azərbaycana qarşı irəli sürdüyü hərbi və ərazi iddialarından əl çəkməyib. Həmçinin Paşinyan Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərə qeyri-ciddi yanaşır və beynəlxalq təşkilatların sülh üçün göstərdiyi səylərə xələl gətirməkdən çəkinmir.

Nikol Paşinyanın siyasi və hərbi dəstək axtarışı

Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan Moskvadan üz döndərməyə, Avropa və ABŞ-la yaxın iqtisadi və siyasi əlaqələr qurmağa çalışsa da, Kremllə bağları tam qopara bilmir. Məsələn, Azərbaycanla sərhədə xırda hərbi toqquşma olan kimi, Paşinyan Rusiya prezidenti Vladimir Putindən siyasi və ya hərbi dəstək almaq üçün ona zəng edir, ardınca isə Ermənistanın hərbi rəhbərliyi və diplomatları Moskvaya yollanır. Son Brüssel görüşündən bir neçə gün keçməmiş əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ardınca isə baş nazir Nikol Paşinyanın özü Moskvaya səfər edib, Kremldə Rusiya rəsmiləri ilə danışıqlar aparıblar. Ötən axşam dövlət sərhədində gərginlik baş verən kimi Paşinyanın Vladimir Putinə zəng vurması rəsmi İrəvanın öz gücünə güvənmədiyinin, xaricdən dəstək axtardığının bariz nümunəsidir.

Həmçinin son dövrlər Paşinyan Moskva ilə yanaşı Vaşinqtona da hərbi və diplomatik nümayəndələr göndərməyə başlayıb. Məsələn, sentyabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtona səfər edib və ABŞ Milli Müdafiə Universitetində görüşlər keçirib. Paşinyan özü isə daha çox Brüsselə səfər etməyə üstünlük verir.

Görünən odur ki, erməni baş nazir həm Moskvadan, həm Brüsseldən, həm də Vaşinqtondan hərbi-siyasi dəstək istəyir. Təbii ki, Moskva ilə aralarından soyuq küləklər əsən İrəvana Qərbin göstərdiyi siyasi dəstək önəmlidir. Digər tərəfdən isə Qərb dövlətləri İrəvana hərbi yardım göstərməkdə o qədər də maraqlı olmadığı üçün Paşinyan Moskvanın silahi-sursat dəstəyinə böyük ümid bəsləyir. Çünki 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri darmadağın edilib, hərbi texnikaları məhv edilib. Ötən gecə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbə rəsmi İrəvanın hərbi texnika və şəxsi heyət baxımından ciddi çatışmazlıqla üzləşdiyini bir daha gün üzünə çıxarır. Proseslər göstərir ki, bu səbəbdən, hazırda Paşinyan üçün həm xarici siyasi, həm də hərbi dəstək çox önəmlidir. O, siyasi dəstəklə hakimiyyətinin ömrünü uzatmağı, hərbi dəstəklə isə bölgədə vəziyyəti gərginləşdirməyi, Azərbaycanın cavab tədbirləri zamanı isə havadarlarından aldığı silahlardan istifadə etməklə erməni cəmiyyəti qarşısında biabır olmamağı hədəfləyir.

Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir.

Paşinyanın Vladivostok forumunda verdiyi yeni təxribat anonsu və onun icrası

Baş nazir Nikol Paşinyan Rusiyanın Vladivostok vilayətində keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı 44 günlük Vətən müharibəsini xatırladıb və misallar çəkərək bölgədə yeni hərbi toqquşma riskinin ola biləcəyinə işarə edib. Xatırladaq ki, Paşinyan Vladivostok Forumunda iştirak etdiyi günlərdə də Azərbaycan-Ermənistan sərhədində silahlar susmayıb.

Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Ermənistan postmüharibə dövrünün reallıqlarını qəbul etməli, Bakının, vasitəçi dövlətlərin və beynəlxalq təşkilatlarının sülhə töhvə verəcək addımlarına hörmətlə yanaşmalıdır. Amma erməni baş nazirin Forumdakı yeni müharibə anonsu verməsi fonunda atəşkəsin hər gün pozulması, rəsmi İrəvanın hələ də hərbi avantüradan əl çəkmədiyini göstərir. 12 sentyabr gecə saatlarında baş verən hərbi gərginlik bir daha sübut edir ki, Ermənistanın hərbi siyasi rəhbərliyi təxribatı əvvəlcədən planlaşdırıb və ötən axşam icrasına start verib.

Təbii ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxlayır. Hadisələrin inkişafı göstərir ki, artıq Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zonanın yaradılması labüddür. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Hərbi gərginlik həm sülh prosesinə xələl gətirəcək davranışdır, həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı yenidənqurma işlərinə ciddi maneədir. Bu səbəbdən, Azərbaycan Ordusu Ermənistanın istənilən hərbi təxribatına cavab vermək üçün həmişə hazır vəziyyətdədir. Cəmiyyət bunu Prezident İlham Əliyevin müharibədən sonra ordunun döyüş hazırlığına göstərdiyi xüsusi diqqətdən, Ordumuzun işğaldan azad olunmuş ərazilərdə yaratdığı komando hərbi hissələrinin yüksək döyüş hazırlığından, həmçinin, Müdafiə Nazirliyinin rəhbərliyinin mütəmadi olaraq verdiyi bəyanatlardan görə bilər.

Bundan başqa, ötən gecə erməni təxribatına verilən cavab və avqustun əvvəlində keçirilən qısamüddətli "Qisas əməliyyatı” Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsinə əyani sübutdur. Avqustun əvvəlində yaşanan hərbi gərginliklə bağlı diqqət çəkən nüanslardan biri əməliyyatların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgədə keçirilməsidir. Bu onu göstərir ki, Azərbaycan istənilən an öz ərazisində baş verən təxribata cavab verməyə hazırdır.

Müdafiə naziri Zakir Həsənov da keçirdiyi son müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginliyə toxunub və Orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Təbii ki, Ermənistan təxribatlardan əl çəkməsə, sülh gündəliyini pozmağa çalışsa və Bakının təklif etdiyi 5 baza prinsipinin icrasından boyun qaçırsa, "Dəmir Yumruq” yenidən işə düşəcək. Azərbaycanın Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirmək üçün Ermənistanı sülhə məcbur etməkdən başqa çıxış yolu yoxdur. Ermənistandakı revanşistlərinin baş qaldırmasına imkan vermək olmaz, onlara qarşı ən sərt cavab tədbirləri görülməlidir.

Tarix göstərir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərli ilə Azərbaycan Ordusunun Ermənistanın təxribat xarakterli addımlarına cavabı çox ağır olub və hətta İrəvanın kapitulyasiya aktı imzalaması ilə nəticələnib. "Dəmir Yumruq” bu dəfə işə düşsə, Ermənistan ordusundan qalan kiçik hissəni də məhv edəcək və rəsmi İrəvan yenə havadarlarına ağız açmaq, yalvaracaq, onlardan imdad diləmək məcburiyyətində qalacaq.