Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı Səfirliyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.
Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərəalınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.