Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.
H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib.
Telefon danışıqları zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.