Bu gün:
Xezer.info » Siyasət » Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı - Könül Nurullayeva

Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı - Könül Nurullayeva


Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı - Könül Nurullayeva
Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi. İstənilən təxribatın cavabı ağır olacaq. Avqustun əvvəlində "Qisas” əməliyyatı zamanı da Ermənistana dərs verildi. Amma görünür, bu da Ermənistana bəs etmədi. Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı. Halbuki Brüssel razılaşmasına görə Ermənistan humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Amma biz əksini gördük. Qarşı tərəf bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirərək, vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan ərazilərində neçə gündür təxribatları davam etdirməklə rəsmi İrəvan regionda təcavüzkar və işğalçı olduğunu bir daha təsdiqləyir. Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu heç bir halda qəbul edilə bilməz.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Azərbaycan şübhəsiz ki, bu əməllərin qarşısını dərhal almalı idi. Çünki bu, bizim suveren hüququmuzdur. Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmişik və bu proses davam edəcək.

Döyüş meydanında cəzalandırılan Ermənistan informasiya cəbhəsində də təxribata əl atır. Kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın guya Ermənistanın ərazisinə müdaxilə etməsi barədə dezinformasiyalar yaymaqdadırlar.

Bununla daha çox havadar qazanmaq, öz təxribat və cinayət əməllərini ört-basdır etməyə can atır. Azərbaycan isə rəsmi qaydada bəyan edir ki, silahlı qüvvələrimiz Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ona görə də istənilən halda baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür.