Zəngilan hava limanının qısa müddətdə inşası Azərbaycanın dövlət olaraq gücünü göstərir
12-sen-2022Müharibənin başa çatmasından ötən 2 ildən də az müddətdə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri həyata keçirir, müasir standartlara uyğun infrastruktur qurulur. İşğaldan azad olunmuş ərazilərimizdə ikinci, Şərqi Zəngəzurun isə ilk hava limanı - Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddətdə istifadəyə tam hazır olacaq. Artıq ən böyük sərnişin təyyarəsi Airbus A340-500 hava limanına ilk texniki uçuşunu uğurla yerinə yetirdi. Azərbaycan bu gün həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücündədir. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir. Hər iki limanın inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın və Şərqi Zəngəzurun hava məkanında da artıq sərbəst və təhlükəsiz şəkildə uçuşlar həyata keçirir.
Yeni Aeroportların uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz olunub. Bu, hava limanına istənilən növ təyyarələrin qəbul edilməsinə imkan verəcək.
Paralel olaraq, Kəlbəcər-Laçın bölgəsində də unikal hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirmiş olur.
Ümumiyyətlə, hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Hava limanları iqtisadi baxımdan vacibdir. Çünki Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına mühün əhəmiyyət kəsb edir.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Nəticə etibarı ilə Qarabağ geniş nəqliyyat qovşağına çevriləcək. Azərbaycanın gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin. Zəngilanın Ağalı kəndinə baş tutan qayıdış bunu bir daha təsdiqlədi.