Məktəb bazarlığı: Qiymətlər və keyfiyyət qənaətbəxşdirmi?
12-sen-2022Kamran Əsədov: Qiymət artımı valideynlərə əlavə büdcə xərcləri yaradır
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər mağazalara axın edərək övladları üçün lazımi məktəbli ləvazimatlarını alırlar. Onlar çalışarlar ki, daha münasib qiymətə məktəb bazarlığı etsinlər. Məhz buna görə də bazarlarda, yarmarkalarda və böyük marketlər şəbəkələrində canlanma müşahidə olunur.
Bəs, bir şagirdin məktəbə getməsi üçün lazım olan məktəb ləvazimatları neçəyə başa gəlir?
Ən çox qiymət artımı dəftərlərdə müşahidə olunur
Yarmarkalardakı məktəbli ləvazimatlarının qiyməti ilə maraqlandıq. Paytaxtın müxtəlif ərazilərində qurulmuş bu çadır-yarmarkalarda bütün növ məktəbli ləvazimatları tapmaq mümkündür. Qiymətlər isə müxtəlifdir. Satıcılar bildirdilər ki, bu il qiymətlər ötən illə nisbətdə artıb. Ən çox artım isə dəftərlərdə müşahidə olunur. Buna səbəb isə dəftərlərin ən çox Rusiya və Ukraynadan ölkəmizə gətirilməsidir. Digər məktəb ləvazimatlarının da qiymətlərində keçən illə müqayisədə minimum 10-15 faiz artım var. Başqa məktəbli ləvazimatları ilə müqayisədə ən az bahalıq çantalarda müşahidə olunur.
Müşahidələrimiz zamanı məlum oldu ki, orta hesabla qiymətlər belədir: Çantalar 15 manatdan başlayır və 60 manata qədər yüksəlir. Dəftərlər 15 qəpikdən-2 manata qədər, qələmlərin qiyməti 20 qəpik - 1 manat arasında dəyişir. Qələmyonanların qiyməti 30 qəpik - 2 manat, pozanlar 20 qəpik-1 manat, xətkeşlər 40 qəpik -1 manat 50 qəpik, yapışdırıcılar 50 qəpik-2 manat , flomasterlər 1 manat-6 manat, rəngli karandaşlar 1-5 manat, sadə karandaşlar 20 qəpik-70 qəpik, qələm qabları 3 -15 manat, rəsm albomları 1-4 manat, dəftər-kitab üzlükləri-20 qəpik, plastilin 1-4 manat, pərgar dəsti 1 - 3,60 qəpik, məktəb gündəliyi 2-3 manat, su qablarının qiyməti isə 4 manat -13 manat arasında dəyişir.
Köynək 14 manat, şalvar və ətəklər 25 manat
Valideynlər yeni dərs ili ərəfəsində təkcə məktəb ləvazimatları yox, həm də məktəbli formaları axtarışındadırlar. Son günlər məktəbli formalarının satışını həyata keçirən “Bakı Tikiş Evi"nin qarşısında böyük sıxlıq müşahidə olunur. Sözügedən qurumun mətbuata açıqlamasında bildirilir ki, formaların çətin tapılmasına səbəb alıcıların sayının çox olması ilə bağlıdır. Gün ərzində təxminən 1200-1500 məktəbli forması satılır: “Valideynləri əmin etmək istəyirik ki, hətta qış mövsümündə də məktəbli formaları tikiləcək və satışa çıxarılacaq.”
Qiymətlərə gəlincə isə polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır. Qış üçün nəzərdə tutulan jaketlərin qiyməti isə 27 manat təşkil edir. Ümumilikdə isə ayaqqabı və digər ləvazimatları da nəzərə alsaq, bir şagirdin məktəbə gedə bilməsi üçün təxminən 200-300 manat arasında vəsait tələb olunur.
Bəs valideynlərin qiymətlərə münasibəti necədir?
Bir neçə satış ünvanında qarşılaşdığımız valideynlər bildirdilər ki, ümumiyyətlə, bu il məktəb ləvazimatlarının qiymətlərində artım var. Müqayisə etsək , yarmarkalardakı qiymətlər digər satış nöqtələrindən daha ucuzdur. Amma qiymətlər indikindən bir qədər ucuz olsaydı, daha yaxşı olardı.
Məktəb ləvazimatlarının qiymətlərinin artması hansı amillərlə bağlıdır?
Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, qiymət artımı gözlənilən idi. Bunun üçün əsaslı səbəblər var: “Qiymət artımı bütün məhsullarda müşahidə olunmaqdadır. Artım təkcə bizdə deyil, digər ölkələrdə də müşahidə olunur. Bunun səbəblərindən biri pandemiyaya görə dünya iqtisadiyyatında baş verən böhran, eləcə də Rusiya-Ukrayna müharibəsidir. Çünki müharibə səbəbi ilə həmin ölkələrdə də bu məhsullarda ciddi qiymət artımı müşahidə olunur. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da bahalıqda mühüm rol oynayır.”
Bahalaşma ailələrdə maddi sıxıntılar yaradır
Təhsil eksperti Kamran Əsədov isə sözügedən məsələ ilə bağlı mühüm məqamlardan söz açdı: “Yeni mövsümə daxil oluruq və tədris ilinin başlanmasına sayılı günlər qalıb. Şübhəsiz, valideynlər məktəb ləvazimatlarını almağa tələsirlər. Sentyabr ayı başladıqda isə qiymətlərin mərhələli formada yuxarı qalxmasını müşahidə edirəm. Ölkəmizin 4432 orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır və bir neçə gündən sonra yeni tədris ili başlayır. Birinci sinifə 160 minə yaxın uşaq gedəcək. Əlbəttə, bunların hər biri böyük rəqəmdir. Etiraf edək ki, son illər qiymətlərin artımını müşahidə edirik. Bir neçə obyektiv və subyektiv səbəblər valideynlərə əlavə büdcə xərcləri yaradır.”
Bir uşağı məktəbə yola salmaq üçün minimum...
Həmsöhbətimiz diqqətə çatdırdı ki, hazırda orta hesabla bir şagirdin məktəbə getməsi 140-160 manat arası dəyişən xərc tələb edir. Təbii ki, bura minimum ölçüdə məktəbli forması daxildir. 35-45 manat arası dəyişən məktəbli çantaları, ayaqqabıların, geyimlərin hər birisi, yəni, bir valideynin minimum ən aşağı qiyməti olan qələm, dəftərlə bərabər xərcləri bu qədər vəsait təşkil edəcək. Təbii ki, keyfiyyətli çantadan, digər məktəb ləvazimatlarından danışsaq bu rəqəm 200 manatdan da çox olacaq. 30 mindən çox ailənin məktəbdə iki və daha artıq övladı təhsil alır və onların xərcləri ailə büdcəsinə böyük təsir edir. Bir məktəbli ləvazimatının orta qiyməti 35-45 qəpik arası dəyişir. Bura dəftərlər, xətkeş, pozan və s. məktəbli ləvazimatları daxildir və minimum 40 manata qədər xərc tələb edir. Ümumilikdə 160 manat birdəfəlik ödəniş kimi nəzərdə tutulur, təbii ki, növbəti aylarda bu proses davamlı olaraq baş verəcək. Hesab edirəm ki, hazırda qiymət artımı fonunda biz yenə də xərclərin artmasını gözləyirik, digər tərəfdən, mövsüm də öz təsirini göstərir. Bir uşağı məktəbə yola salmaq üçün minimum 150 manat xərc lazım olur. Qiymətlər həqiqətən çox yüksəkdir, ən azından aşağı əməkhaqqı alan valideynlər üçün çətin olacaq.
Maraqlıdır, hazırda satışda olan və qiymətləri elə də ucuz olmayan məktəb ləvazimatlarının keyfiyyəti yüksəkdirmi?
Şikayət edirlər ki, karandaşları yonanda qırılır
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirənkən qeyd etdi ki, təəssüf ki, məktəbli ləvazimatlarının standarta uyğun olub-olmaması heç kim tərəfindən yoxlanılmır.
O, bildirdi ki, hər il məktəb mövsümü başlayanda istehlakçılardan məktəb ləvazimatlarının keyfiyyətsizliyi barədə telefon zəngləri gəlir: “Şikayət edirlər ki, karandaşları yonanda qırılır. Belə çıxır ki, ya karandaş, ya da karandaş yonan standartlara uyğun deyil. Əsasən kitabların keyfiyyətindən narazılıq edirlər, kitab şriftlərinin ələ yapışmasından narahat olurlar. Hamı bilməlidir ki, şriftlərdə ağır metallardan, qurğuşunlardan istifadə edilir. Bu zəhərləyici maddədir. Uşaqlar əlini kitaba vurur, sonra isə ağzına vurur və tədricən zəhərlənmə baş verir. Kitab alan zaman ağ tənzifi sürtsünlər və rəng çıxırsa belə kitabı almasınlar. “
Çanta pis qoxu, rezin iyi verirsə…
E. Hüseynov məktəb ləvazimatlarının əksəriyyətində problem olduğunu qeyd edib. “Çanta pis qoxu, rezin iyi verirsə, demək bu tullantılardan hazırlanıb, nə qədər cəlbedici olsa da insanlar almasınlar”.
Ekspert xatırlatdı ki, 18 may 2021-ci ildə məcburi sertifikatlaşdırılan mallar siyahısı ləğv olundu: “Bir çox mallar, o cümlədən də məktəb ləvazimatlarının təhlükəsizliyi təmin olunmalıdır. Onlar sertifikatlaşdırıldıqdan sonra bazara çıxarılmalıdır. Getdikcə istehlakçının hüququnun qorunması zəifləyir. Ay yarım öncə Azərbaycan Standartlaşdırma İnstitutunda “istehlakçı məmnuniyyəti” deyilən standart qəbul olunub. Belə bir standart cəmiyyətə çatarsa bəlkə bu mövzunu araşdırmaq olar.”
Yaqut Ağaşahqızı, “İki sahil”