Əhməd İsmayılov: “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub”
12-sen-2022“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”.
“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən "Xəzər Mediası. Gəncliyin ölçüsü" adlı Xəzər Media Forumu zamanı bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Bununla media sahəsində islahatların yeni mərhələsi başlayıb. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dövlət dəstəyinin göstərilməsi bizim üçün mühüm istiqamətlərdən biridir. Bu məqsədlə, o cümlədən media sahəsində digər istiqamətlərin inkişafı və müvafiq layihələrin həyata keçirilməsi üçün bu fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb”, - o vurğulayıb.
O xatırladıb ki, bu il iyulun 22-də Azərbaycan mediasının nümayəndələri Şuşada Beynəlxalq Media Forumu keçirməklə peşə bayramlarını qeyd ediblər: “Şuşada keçirilən Beynəlxalq Media Forumunda dünyanın 20-yə yaxın ölkəsindən xarici mətbuat nümayəndələri və ekspertlər, həmçinin beynəlxalq təşkilatların media sahəsində təmsilçiləri ilə müasir media mühitinin aktual problemləri ətrafında fikir mübadiləsi apardıq”.
Onun sözlərinə görə, Azərbaycanda media sahəsinin inkişafında mühüm amillərdən biri bu il fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Qanundur: “Bu qanunda çap mediası və internet mediası subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mütərəqqi normalar müəyyən edilir. Bundan əlavə, dövlət başçısı bu il fevralın 8-də ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Nəticədə bu sahədə müəyyən təcrübəyə malik jurnalistlər, o cümlədən gənc ailənin üzvü olan jurnalistlər mənzil almaq üçün dövlət dəstəyi ilə verilən güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub”.
Ə.İsmayılov deyib ki, xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması da media sahəsinin inkişafında mühüm rol oynayır: “Azərbaycan mediası həm beynəlxalq platformada, həm də ikitərəfli münasibətlər vasitəsilə əlaqələri genişləndirir. Bu mənada Xəzər regionu ölkələrinə xüsusi diqqət yetirilir”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb: “Əminik ki, rəsmilərin, media ekspertlərinin, ictimai xadimlərin və jurnalistlərin iştirakı ilə başlayan Xəzər Media Forumu media və kommunikasiya sahəsində müasir problemlərin müzakirəsi, müvafiq həll yollarının axtarışı baxımından mühüm əhəmiyyət kəsb edəcək”.