Bolqarıstan qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilər
11-sen-2022Bolqarıstan Cənub Qaz Dəhlizi ilə tədarük həcmini artırmaq və Azərbaycandan hər il iki milyard kubmetrə qədər qaz almaq niyyətindədir.
Bu barədə bazar günü ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov Bakıda keçirdiyi danışıqların yekunları üzrə Bolqarıstanın milli televiziyasına müsahibəsində bildirib.
“Onlar bizə ənənəvi tərəfdaş kimi Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsindən əlavə qaz payı verməyi təklif etdilər. Bu o deməkdir ki, biz uzunmüddətli müqavilə əsasında hər il 2 milyard kubmetr qaz ala biləcəyik. Azərbaycanla müddətli müqavilə bağlanacaq ki, bu da bizim tələbatımızın təxminən 60%-ni təşkil edəcək. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla qiymət, kəmiyyət, qaz təchizatı şərtləri və digər texniki parametrlər üzrə danışıqları davam etdirəcəklər. Lakin bizim üçün bu kəmiyyətləri indi bəyan etmək vacibdir”, - deyə nazir vurğulayıb.
Stoyanov əlavə edib ki, tədarük həcmi 3-4 il ərzində artırıla bilər.
Həmçinin, nazir təsdiq edib ki, oktyabrın 1-dən Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisi başa çatdıqdan və onun istismarına icazə alındıqdan sonra Bolqarıstan hər il milyard kubmetr Azərbaycan qazı alacaq. Qazın elektrik enerjisi müqabilində tədarükü məsələsi də müzakirə olunur.
“Azərbaycanda elektrik enerjisi qazdan istehsal olunur və biz əsas elektrik enerjisi istehsalçısıyıq, onu ixrac edirik və izafi istehsala malikik. Ona görə də bizim Azərbaycana elektrik enerjisinin çatdırılması üçün fundamental imkanlarımız var və əvəzində, onlar bizə lazım olan qaz həcmlərini göndərəcəklər”, - deyə Stoyanov bildirib.
Nazir izah edib ki, elektrik enerjisi və qazın barter tədarükünə dair razılaşmalar 4-5 ay ərzində həyata keçirilə bilər.