Qusarda 8 il əvvəl törədilmiş qətlin üstü açılıb
10-sen-2022Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan birgə məlumata əsasən, aparılmış intensiv istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürmüşdür.
Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilmişdir.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf etmiş və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərmişdir.
Hadisə yerinə baxış zamanı S.Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.