Bu gün:
Xezer.info » İqtisadiyyat » AYİB Azərbaycan banklarının maliyyələşdirilməsinə sadiqdir - Odil Reno-Basso

AYİB Azərbaycan banklarının maliyyələşdirilməsinə sadiqdir - Odil Reno-Basso


AYİB Azərbaycan banklarının maliyyələşdirilməsinə sadiqdir - Odil Reno-Basso
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə və ondan sonrakı illərdə Azərbaycan banklarının maliyyələşdirilməsinə sadiqdir.

Bunu Azərbaycana səfəri ərəfəsində Trend-ə özəl müsahibəsində AYİB-in prezidenti Odil Reno-Basso deyib.

O bildirib ki, AYİB çətin dövrlərdə Azərbaycanın bank sektoru ilə işləməyə davam edib və bu əməkdaşlıq bundan sonra da davam edəcək.

"Biz hazırda beynəlxalq ticarətin təşviqi, mikro, kiçik və orta sahibkarlığa dəstək, yaşıl və inklüziv maliyyə kimi əsas strateji məqsədlərimizə uyğun bir neçə layihə üzərində işləyirik. Əminəm ki, bu cür perspektivlər yaxşıdır və Bakıdakı komandamız hazırda Azərbaycanın maliyyə sektorunda çoxsaylı iş prosesləri üzərində yorulmadan işləyir”, - AYİB prezidenti deyib.
O qeyd edib ki, AYİB hazırda beynəlxalq ticarətə kömək edən yerli özəl bankları maliyyələşdirir.

"Biz, həmçinin yaşıl və inklüziv maliyyələşmə vasitəsilə mikro, kiçik və orta müəssisələri dəstəkləməyə davam edirik. Biz həm də mümkün olduğu qədər yerli valyutada maliyyələşdirməyə diqqət yetiririk ki, bu da çox vacibdir. Biz Azərbaycanda normativ-hüquqi bazanın təkmilləşdirilməsini fəal şəkildə dəstəkləyirik. Biz həm də məsləhət dəstəyi vasitəsilə tərəfdaşlarımızın daxili potensialının gücləndirilməsində iştirak edirik. Biz Azərbaycanın maliyyə infrastrukturunun ən mühüm elementlərini dəstəkləməyə, korporativ idarəetmənin təkmilləşdirilməsinə, eləcə də müvafiq maraqlı tərəflər tələb edərsə, özəlləşdirməyə kömək etməyə hazırıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)