Bu gün:
Xezer.info » Cəmiyyət » İclas 2 saatdır gecikir, Elçin Sadıqov məhkəməyə gəlməyib

İclas 2 saatdır gecikir, Elçin Sadıqov məhkəməyə gəlməyib


İclas 2 saatdır gecikir, Elçin Sadıqov məhkəməyə gəlməyib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.

“Qafqazinfo" verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilməli olan iclas 2 saata yaxındır ki, yubanır. Belə ki, R.Məmmədovun vəkili Elçin Sadıqov prosesə gəlmədiyi üçün hakimlər heyəti iclasa başlamayıblar.

R.Məmmədov hazırda məhkəmə iclas zalında Penitensiar Xidmət və DTX əməkdaşlarının nəzarətində gözləyir.

İş üzrə zərərçəkmiş kimi tanınan “Baku Steel Company”nin də nümayəndəsi məhkəməyə gəlib.

Bundan başqa sabiq deputat Nazim Bəydəmirli də özünü zərərçəkmiş kimi təqdim edərək məhkəmə iclas zalına daxil olmaq istəyib. Lakin onun adının zərəçəkmişlər siyahısında olmadığı bəlli olub.

Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış jurnalist Eynulla Fətullayev Rasim Məmmədovun işi ilə bağlı jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqova qarşı ittihamlar irəli sürmüşdü. Eynulla Fətullayev vəkil Elçin Sadıqovun vasitəsilə Əvəz Zeynallıya mətbuatda Rasim Məmmədovun müdafiəsinin təşkili üçün ona 20 min manat pul verildiyini iddia etmişdi. E. Sadıqovla Ə. Zeynallı isə iddiaları təkzib etmişdi.

Xatırladaq ki, R.Məmmədov ötən il DTX tərəfindən həbs olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.