Bir mənzil bir neçə adama satılıb: Vətəndaşlarla MTK-lar arasındakı problemlər necə həll edilə bilər?
08-sen-2022Əsrin əvvəllərindən Bakıda çoxmənzilli yaşayış binalarının tikintisinə start verildi. 2016-cı ildən isə istismar müddətini bitirmiş çoxmənzilli bina və həyət evlərinin sökülərək yerində yeni hündürmərtəbəli binaların tikilməsinə, sökülən binalarda yaşayan sakinlərə əmlakının qarşılığı olaraq pul və ya yeni binadan mənzil verilməsinə başlanıldı. Lakin yeni binaların tikintisi Bakı sakinlərinin mənzil problemini tam həll etmədi, əksinə yeni problemlər doğurdu. İllərlə yaşanan və bu gün də rastlanan həmin problemlərin özəyində isə bir tərəfdən bəzi MTK-ların fırıldaqçılığı, digər tərəfdən bu sahədə qanunvericiliklə yetərli tənzimləmənin olmaması dayanır.
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev də “Report”a açıqlamasında bu fikri təsdiq edib:
Onun sözlərinə görə, bir vaxtlar yeni tikili binalarda bir mənzilin bir neçə adama satılması kütləvi hal almış, yüzlərlə, hətta minlərlə şəxs bu cür fırıldaqçılığın qurbanı olmuşdu:
“Məhkəmə və digər proseslərlə dövlət tərəfindən bəzi vətəndaşlar evlə, bəziləri isə kompensasiya ilə təmin olunsa da, bu günə qədər zərərlərinin qarşılığı ödənməyən vətəndaşların da sayı yetəri qədərdir.
Çoxmənzilli binaların ilkin sənədi müqavilə və maliyyə arayışıdır. Vətəndaş tikinti şirkətindən mənzil alarkən ona müqavilə və maliyyə arayışı təqdim edilir və o başqa sənəd tələb edə bilmir. Alqı-satqı prosesinin heç bir dövlət orqanında reyestri aparılmadığına görə, vətəndaş şirkətin verdiyi sənədlə qane olmalıdır. Bundan istifadə edən fırıldaqçı şirkətlər olub ki, eyni sənədlə bir mənzili 3-5 nəfərə satıb. Uzun illər sonra vətəndaş bundan xəbər tutanda bəzən ona dəymiş zərər ödənilib, bəzən isə həmin tikinti şirkətinin rəhbəri həbs olunub. Amma şirkət rəhbərinin həbs olunması vətəndaşa dəyən zərərin ödənilməsi demək deyil”.
Ekspert istismar müddətini bitirmiş bina və həyət evlərinin söküntüsü zamanı da sakinlərlə MTK-lar arasında yaşanan problemlərə toxunub:
“2016-cı ildən bu günədək çox sayda köhnə çoxmənzilli yaşayış binası və fərdi həyət evləri sökülüb vətəndaşlara təhvil verilib. Lakin əksər hallarda vətəndaşla tikinti şirkəti arasında narazılığın baş verməsi səbəbindən tikinti və ya söküntü prosesləri uzanır. Bu, həm tikinti şirkətlərinin müflis olmasına gətirir, həm də evlərini boşaldan sakinlərin ciddi narazılığına səbəb olur.
Bu gün paytaxtda yüzdən artıq qəzalı çoxmənzilli yaşayış binası olduğu halda sakinlərlə görüşlərin, danışıqların aparılması tikinti şirkətlərinin rəhbərləri tərəfindən deyil, o binanın qəzalı olduğu haqqında rəy verən və ya digər aiddiyyatı dövlət qurumları tərəfindən olmalıdır. Bu dövlət qurumlarının nümayəndələri sakinlərlə görüşməli və onlara zəmanət verməlidir ki, sizin bina sökülüb filan tarixdə tikilib təhvil veriləcək. Çox sayda sökülməli bina var ki, vətəndaşların tikinti şirkətlərinə etibarsızlığı nəticəsində hələ də sökülməyib”.
E. Fərzəliyev digər tərəfdən, kiçik ölçülü mənzil sahibləri olur ki, yeni binalardan onları mənzillə təmin etmək olmur.15-18 kvadrat metrlik mənzili olan vətəndaşa şirkət mənzil yox, pul təklif edildiyini bildirir:
“Çünki şirkətin ən kiçik mənzilinin sahəsi 50-55 kvadrat metr olur. Bu cür məsələlər də həllini tapmalıdır.
Vətəndaşın evinin ümumi sahəsinin kiçik və ya böyük olmasından asılı olmayaraq o evlə təmin olunmalıdır. Bu sahəyə aidyyatı dövlət qurumları nəzarət etməli, tikinti şirkətlərinə və evləri sökülən sakinlərə dəstək olmalıdır. Bütün danışıqları tikinti şirkəti deyil, dövlət qurumu apararsa, söküntü prosesləri də sürətlə gedər və şirkətlərin götürdükləri öhdəliklər zamanında yerinə yetirilər”.
Ekspert hesab edir ki, tikinti şirkətləri ilə sakinlər arasında sənədləşmə məsələlərində də yenilənmə olmalıdır:
“Alqı-satqı prosesini MTK deyil, hansısa adiyyatı dövlət qurumu aparmalıdır. Yeni tikili binalarda alqı-satqının reyestri aparılarsa, tikinti şirkətinə mənzil satma səlahiyyət verilməzsə, heç bir halda bir şirkət bir mənzili bir neçə nəfərə sata bilməz”.
E.Fərzəliyevin sözlərinə görə, müəyyən yeniliklər olmalıdır ki, insanlarda bu sahəyə maraq artsın və yaxud ümidsizlik aradan qalxsın:
“Sırf sənədləşmə prosesində yaranmış problemlərə görə, çox sayda soydaşımız ikinci, üçüncü evlərini Bakıdan deyil, Türkiyə və digər xarici ölkələrdən almalı olurlar. Digər problem də binalara çıxarışın verilməsinin ləngiməsidir. Çıxarış olmadan vətəndaş öz mənzilində qeydiyyata düşə bilmir”.