Ağxalatlının iddiası: ““Operasiya”dan əvvəl alınan pul rüşvət, sonra verilən hörmətdir”
26-iyul-2016Yüngül bir əməliyyata hazırlaşırdım. Ona görə yüngül deyirəm ki, əməliyyat narkozsuz da aparıla bilərdi. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının şöbə müdiri boğazımı müayinə etdikdən sonra oturub "detalları" müzakirə etdi. "Detallar"a çox toxunub həkimi alçaltmaqdan uzağam. Mətbuatı tənqid etməyinə dözmədim, "təəssüf ki, mən də qəzetçiyəm", dedim. Bu dəfə həkim söhbəti dəyişib, mənə dövlətdən, dövlətçilikdən danışmağa başladı. Əlqərəz, dedi göndəriş al, nə verərsən-verərsən. Sağ olsun, heç olmasa məbləği mənim ixtiyarıma buraxdı. O günün işini sabaha qoymadım, min bir zülümlə göndəriş aldım. Yaşadığım ərazi poliklinikasının qeydiyyat şöbəsində 4 nəfər bekar qadın əyləşmişdi. Bəziləri mürgü vururdu. Yerlərindən tərpənmək istəyində olmadıqlarını dalbadal yağdırdıqları suallarla bəlli elədilər. 2-3 dəqiqəlik "əziyyətdən" sonra kartoçkamı tapmadıqlarını dedilər. Əvvəllər poliklinikaya bir neçə dəfə müraciət etdiyim üçün kartoçkamın mövcudluğundan adım kimi əmindim. Dedim, yaxşı-yaxşı baxın. Amma axtarmaq fikirləri yoxdu, gözümün içinə dedilər, "get "JEK"-dən arayış gətir. Təsəvvür edin ki, sərin kabinetdə 4 bekar qadın qovluqlarda asanlıqla tapa biləcəkləri sənədi axtarmağa ərindiklərindən, işlərini asanlaşdırmaqdan ötrü məni bu istidə sənəd dalınca göndərməyə çalışırdılar. Əslində axtarmamaqda doğru da edirlər, onları oraya işləmək üçün yox, havayı məvacib almaq üçün oturdublar. Qeydiyyat şöbəsinə bu qədər işçinin niyə lazım olduğunu indiyə qədər də anlamıram. Sinirlərimə hakim olmadım. Heç kimə heç nə eləmədim, gücüm göz yaşlarıma çatdı, sonra da hönkürtülərlə müşayiət olundu. Son vaxtlar bəzi alt təbəqə məmurcuqların insanları davamlı bir yerlərə göndərmək kimi psixopatoloji davranışlarını müşahidə edirəm və o an mənim də sinirlərim artıq pik nöqtəsinə çatdı. Deyəsən, bir az təlaşa düşdülər. Yalnız bundan sonra kartoçka "ortaya çıxdı". O korpusdan bu korpusa, o kabinetdən bu kabinetə, nəhayət, həkimlərin dili ilə desək "napravleniye" ala bildim.
Bir gün sonra klinikadaydım. Analizlər verildi, artıq əməliyyat öncəsi iynə də vuruldu, məni xəstəxanaya qeydiyyata aldılar. İnsafən palatalar təmirli, təmizdi. Amma dəhşət isti vardı, çünki ventilyasiya sistemi yoxdu. Pəncərələr açıqdı, axşama isə məni ağcaqanadların kütləvi hücumu və cəhənnəm istisi gözlədiyi barədə xəbərdar edildim. Maraqlandım, palataların ayrıca duş kabinəsi olsa da, yay aylarında isti su verilmirmiş. İki gün xəstəxanada necə qalacağım gözümə durmuşdu. Analizlərə görə yemək də yeməmişdim. Saat 2-nin yarısı "yemək" palataya gətirildi. Perlova (yarma supu) idi. Supu yemək hesab etmədiyim üçün dırnaqda yazmadım, sadəcə bu, yemək deyildi. Bol suyun içində on-on beş yarma bəlkə olardı, ya olmazdı. İçində barmaqla sayıla biləcək qədər kök və bir qədər göyərti vardı. Üç dilim də çörək gətirmişdilər. Demişdilər, "pervıy-vtoroy" olacaq. Canımı dişimə sıxıb iki dilim çörəyi suya batırıb yedim. Nə qədər gözlədimsə də "vtoroy" gəlmədi. Demək ki, ikinci yemək sənədlər üzərində hesabatı şişirtmək üçündür. Mən də deyirəm səhiyyə xərcləri niyə belə fantastikdir. Yemək əvəzinə bəd xəbər gəldi. Dəhlizdən səslədilər ki, həkim səninlə danışmaq istəyir. Dərhal çıxdım, həkim məni dəhlizin ortasında qarşıladı. Ətrafda bəzi insanlar gözə dəyirdi. Elə oradaca məni sorğu-suala tutmağa başladı: əvvəllər qan analizi vermişəmmi, hepatitlə bağlı yoxlamadan keçmişəmmi və s. Keçmədiyimi bildirdim, soruşdum "bir problemmi var"? Dedi, ekspress üsulla qanda infeksiyaların təyini zamanı şübhəli nəticə alınıb, artıq xəstəxanadan çıxışın yazılıb, laboratoriyaların birində yoxlatdır, pozitivdirsə, müalicə alıb sonra əməliyyat elətdir. Elə bil mənə ölüm hökmü verdi. O an şokdaydım, nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Həkim isə deyirdi ki, sabah yaxındakı xəstəxanalardan birinə gedib (özlərində normal laboratoriya yoxmuş) təkrar analiz verim, əgər pulsuz istəyirəmsə, harasa göndəriş alım-filan. Söylədiklərini çox da aydın qavramırdım, beynim tormozlanmışdı, HCV-yə dair oxuduqlarımı xatırlamırdım. Ətrafdakı insanların mənə yazığı gəldiyini baxışlarından hiss edirdim. Dəhlizdəki stula çöküb hönkür-hönkür ağlamağa başladım. Amma həkim üçün fərq eləmirdi, elə hey nəsə danışırdı. Sonra əlindəki açarları yelləyə-yelləyə çıxıb evə getdi, halbuki həmin vaxt mənim bir həkimə ehtiyacım vardı. Adam elə bil hələ bəlli olmayan virusun ona bulaşacağından qorxurdu, məni xəstəxanadan qovar kimi də tez-tələsik çıxışımı yazmışdı. Bir müddət palatadan tərpənə bilmədim, kənardan bəziləri gəlib təsəlli verməyə çalışırdı.
Dünyada virusa yoluxacaq bəlkə də ən son insanam. Uzun illərdir sadəcə bir stomatoloqun yanına gedirəm. Gördüyüm qədərilə həkim sterilizasiya qaydalarına əməl edir. Bəlkə də görüntü yaradır, bilmirəm. Bundan uzun illər əvvəl də yalnız bir dəfə poliklinikada olmuşdum. Qadın salonunda isə məni kaprizli biri kimi tanıyırlar, daim özümə aid alətlərlə ora gedirəm. Manikür-pedikürümü isə özümdən başqa heç kimə etibar etmirəm. Ən çox da bunlara görə virusun mənə hansısa şəkildə bulaşacağına inanmaq istəmirdim. Bir gün gözləyə bilməzdim. Həmin küçədə yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına getdim. Orada işləyən mühafizə xidmətinin əməkdaşına analiz vermək istədiyimi dedim, xəstəxana laboratoriyasının küçənin tinində olduğunu söylədi. Məlum oldu ki, "Gen-Lab"da analiz 18 manatdır. Mən isə xəstəxanada hələlik pul gərək olmayacağını düşünüb (doktorla danışmışdıq ki, ödəniş sonda olacaq, mən bir-bir pul paylamayacam. Hətta demişdi ki, həkimin əməliyyatdan əvvəl aldığı pul rüşvət, sonra stolunun siyirməsinə qoyulan hörmət sayılır. Guya bu, Cinayət Məcəlləsində də varmış. Maddəsini soruşdum, dedi, özünüz tapın) götürməmişdim. Çantamda sadəcə 10 manat vardı. Kassada əyləşən qadından xahiş elədim ki, həyati vacib məsələdir, analizi götürün, cavabını bu gün bilmək istəyirəm, evə də xəbər edirəm pulun qalanını gətirsinlər. Dedi, olmaz!" Onsuz da xəstəxanadan bura qədər göz yaşlarım dayanmamışdı, ətrafda hər kəs bunu sezirdi. Yenə bu qeyri-insani davranışa dözə bilmədim. Laboratoriyanın müdirinə yaxınlaşıb xahiş etdim ki, analiz götürüb bu gün cavabını desinlər.
Laboratoriya müdiri tapşırdı ki, "analiz götürün, pulunu ödəyəndən sonra cavabını verərsiniz". Əlbəttə, bu da mənə təsir etməmiş deyil. O an bəlkə də çox həssas olduğum üçün bir az diqqətsiz söylənən sözlər mənə toxunurdu. Bundan əvvəl cərrahın tez-tələsik xəstəxanadan uzaqlaşdırması məni ani depressiyaya salmışdı. Sonradan Mərkəzi Neftçilər Xəstəxanasının direktor müavini Həbib Yüzbaşıyev həkimin düzgün hərəkət etmədiyini, əməliyyatın analiz nəticəsi ilə bir bağlılığı olmadığını söylədi. Dedi ki, virus təsdiqlənmiş olsa belə həkim ehtiyat tədbirləri görərək cərrahiyyə əməliyyatını aparmalıydı. Təklif etdi ki, əgər istəsəm onlarda əməliyyat oluna bilərəm. Xəstəxananın baş həkimi Leyla Seyidbəyova laboratoriyanın onlara aidiyyatı olmadığını, analizləri bir türk firmasının apardığını bildirdi. Əslində mənim heç "tapşirovkaya" ehtiyacım da yoxdu, pulumu ödəmişdim. Direktor müavini çox həyəcanlı olduğumu görüb məni kabinetinə dəvət etdi. Nə təsadüfsə, laboratoriya müdiri də ordaydı. Dedi, Həbib doktor tapşırdığına görə, sizin də narahat olduğunuzu nəzərə alıb ilkin nəticəni bu gün təqdim edəcəyik. O an nə dediyini dərk etsəm də, "siz özəl bir şirkətsinizsə niyə Həbib doktor sizə tapşırıq verməlidir ki", deyə soruşmadım. Çünki həkimlər bəd xəbər almış bir pasiyentə qayğı, mehribanlıq göstərmək əvəzinə, onun söylədiklərində nöqsan axtarmağa çalışırdılar. Özüm də həmin vaxt onların offşor laboratoriyalarının yox, canımın hayındaydım. Baş həkimin iddiasının əksinə, laboratoriyanın xəstəxanaya elə aidiyyatı varmış ki!
Evdən pul gəldi, laboratoriyaya ödənişi tamamladım. Mənə ödəniş qəbzi ilə heç bir əlaqəsi olmayan, analiz nömrəsi yazılaraq "Gen-Lab" MMC-nin möhürü vurulmuş adi kağız parçası verdilər, üzərinə də əllə məbləğ qeyd edilmişdi. Utanmadan həmin kağıza da yazıblar ki, "8 manat borcu ödədi". Bunu vergi orqanlarına təqdim edəcəm. Qoy araşdırsınlar ki, 8 manata görə məni hər kəsin gözü önündə yerin dibinə soxan adamlar, ödədiyim 18 manatı niyə rəsmi sənəd sayılan qəbzə yazmırlar? Orda olduğum müddətdə böyük bir növbə vardı, analiz verənlərin sayı azalmaq bilmirdi. Mərkəzi Neftçilər Xəstəxanasına gələn bütün xəstələri buraya yönləndirirlər. Qazancları çox yaxşı olmalıdır.
Laboratoriyaya bir xronometraj da lazım olacaq ki, dövlətə qarşı nə qədər şəffaf olduqları ortaya çıxsın. "Türk şirkətidir", deyib burda yerli MMC-nin bizdən qazandığı pulları qonşu ölkəyə göndərib, öz hesablarına yatırırlar. Sanki ölkədə həmin laboratoriyada istifadə edilən avadanlıqlar yoxdur. Bizi lap primitiv bir ölkə durumuna düşürməyə çalışırlar. Üç yerdə analiz götürüblər, amma həkimlər tələsməməyi tövsiyə edir, yerli təhlillərə çox da inanmırlar, ona görə qanı bir də Türkiyəyə göndərəcəklər. Ağxalatlıların "adi" adlandırdıqları virusun viral yükünü, genotipini ölkənin ən elit klinikasında təhlil eləmədilər. Səbəbi də çox gülməlidir: təzə avadanlığı ona görə açmırlar ki, ona sərf olunacaq reaktivlər bahalı, müraciət edənlərin sayı isə azdır. Türkiyədə bu testlərin hər birinin qiyməti 250 manatdan başlayırmış və öz işlərini asanlaşdırıb, yükünü kasıb-kusubun çiyninə qoyurlar. Təkrar testlərə isə nə ehtiyac olduğunu anlamadım, zatən o analizi iki yerdə verib, cavablarını da almışdım. Bu, üç oldu. Hələ ki, vaxtımı və pullarımı müayinələrə sərf etməklə məşğulam. Ortada ciddi bir nəticə yoxdur.
Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Bu günlər qarşılaşdığım bütün həkimlər yəqin ki, Hippokrat andı içiblər: "...gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik deyil, kömək üçün istifadə edəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini tövsiyə etməyəcəyəm... Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm... Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun". Mən də "Amin!", deyirəm...
Bizimyol.info